İsti havalarda açıq günəş altında uzun müddət qalmaq tövsiyə edilmir.

"Unikal" xəbər verir ki, bunu rusiyalı professor Olqa Şarapova yerli KİV-ə müsahibəsində deyib. 

Onun sözlərinə görə, papaq taxmağı unutmamaq vacibdir, çünki birbaşa günəş işığı və yüksək temperatur başınıza təsir edir. Şapkalar, beysbol papaqları və ya şallar gün vurmasından qorunmağa kömək edəcək.

Həkim həddindən artıq istiliyin ilk əlamətlərini xatırladıb: baş ağrısı və başgicəllənmə.

"Qan damarlarının genişlənməsi ilə əlaqədar olaraq, qan bədəndə durğunlaşmağa başlayır, bunun nəticəsində insan ürəkbulanma hiss edə bilər. Günəş vurmasının daha ciddi əlamətləri nəfəs darlığı, gözlərin qaralması, halüsinasiyalar və huşun itirilməsidir. Ən ağır hallarda, həddindən artıq istiləşmə ürəyin dayanmasına səbəb ola bilər. 

İstidən qorunmaq üçün pambıq və ya kətan parçalardan açıq rəngli paltar geyinmək vacibdir. Ən azı iki litr qazsız su içmək, yağlı yeməklər yeməmək və idmanla məşğul olmamaq məsləhətdir. İdeal olaraq, heç olmasa günün ortasında evdən çıxmamaq daha yaxşıdır", - deyə o, izah edib. 

Gülayə Mecid