Oman Sultanlığının Muskat şəhərində “Şuşa - Şərqin mədəniyyət beşiyi” adlı musiqili konsert keçirilib.

"Unikal" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Ərəb Ölkələri üzrə Azərbaycanlılarının Koordinasiya Şurasının Oman üzrə koordinatoru Dr. Səidə Xəlilovanın təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycan Respublikasının və Oman Sultanlığının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun tədbir iştirakçılarına həm 28 May – Müstəqillik Günü, həm də konsert münasibətilə ünvanladığı təbrik səsləndirilib. 

Konsertdə Dr.Səidə Xəlilovanın həmtəsisçisi olduğu “Royal Conservatory of Music and Art”ın Azərbaycanla yanaşı, müxtəlif xalqların nümayəndələrindən ibarət müəllim və şagird kollektivi Azərbaycanın və dünyanın görkəmli bəstəkarlarının əsərlərini səsləndiriblər. Azərbaycanın xalq musiqiləri, hindli ifaçının təqdimatında “Sarı Gəlin”, Arif Məlikovun “Alegiya” baleti qonaqların xüsusi marağına səbəb olub. 

Tədbirdə çıxış edən Dr.Səidə Xəlilova Azərbaycan Prezidentinə və Diasporla İş üzrə Dövlət Komitəsinə dəstəyə, Oman dövlətinə isə görə konsertin təşkili üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib. Qarabağın mirvarisi Şuşaya həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayan Dr. Səidə Xəlilova qeyd edib ki, 2023-cü ildə Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. O, Şuşa ilə bağlı verilən bu qərarı İslam dünyasının həmrəyliyinin bariz nümunəsi adlandırıb. 

Tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri və əcnəbi qonaqlar, ümumilikdə isə 300 nəfər iştirak edib. 

Qeyd edək ki, tədbir çərçivəsində mütəmadi olaraq Azərbaycanın zəngin mədəni irsini, turizm potensialını, incəsənətini və tarixi abidələrini nümayiş etdirilən videoçarxlar qonaqların böyük marağına səbəb olub. 

Tədbirin sonunda Konservatoriyanın müəllim və şagird heyətinə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkilib.