Mayın 31-də, Uşaqların Beynəlxalq Müdafiəsi Günü  ərəfəsində Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində yerləşən  3 saylı uşaq evində tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsinin  Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki,  Ümummilli Lider Heydər Əliyevin “ Uşaqlara qayğı hər bir vətəndaşın borcudur” çağırışı dövlətimizin   uşaqların bu günü və gələcəyi üçün atdığı addımların aydın mənzərəsini yaradır. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının fəaliyyət Proqramında da uşaqlara diqqət və qayğı əsas yer tutur.  Bu gün 3 saylı uşaq evinin timsalında dövlətin valideyn qayğısından məhrum olan uşaqları öz himayəsinə götürərək onların problemlərinin həllini diqqət mərkəzində saxladığını aydın şəkildə görürük.

 Vüqar Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin, Onun layiqli davamçısı Prezident İlham Əliyevin uşaqların hərtərəfli inkişafına xidmət edən addımlarından, imzalanan Fərman və sərəncamlarından, təsdiqlənən Dövlət Proqramlarından, həmçinin Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələrdən geniş bəhs edib. Bütün addımların əsasında uşaqların sağlam ruhda böyüməsi, gələcəyimiz üçün əsl vətəndaş kimi yetişmələri dayanır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq İli” elan edilməsi də bu diqqətin əsas göstəricilərindəndir. Heydər Əliyev   Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilir. Fond uşaqların  inkişafı, təhsili, gələcəkləri üçün lazım olan bütün məsələləri daim  diqqət mərkəzində saxlayır. Eyni zamanda,  Fond  müasir tələblərə cavab verən yeni uşaq evlərinin, bağçaların tikintisini həyata keçirir.  

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Mehriban İsrafilova çıxışında dövlətin uşaqlara diqqət və qayğısından geniş bəhs edib. Bildirib ki, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev ölkəmizin bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi düşünülmüş, məqsədyönlü siyasətin əsas tərkib hissələrindən biri də uşaq hüquqlarının qorunmasıdır. Ümummilli Liderin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilib” fikirləri  uşaqlara olan məhəbbətinin təzahüri idi. Son 20 ildən artıq dövrdə bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğının davamı olaraq dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Fondun həyata keçirdiyi layihələr də təqdirəlayiqdir.  Ümumilikdə 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması uşaqlara beynəlxalq səviyyədə diqqətin bariz nümunəsidir.

Tədbirin sonunda uşaq evinin sakinlərinə hədiyyələr təqdim edilib.

Tədbir bədii proqramla davam edib.