Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı ərazisində kompleks tədbirlərin icrası davam edir.

Qurumdan "Unikal"a verilən məlumata görə, bu çərçivədə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə Akademik Həsən Əliyev küçəsi arasında yerləşən 910 metr uzunluğa malik olan hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.

Təmir işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri yerlərdə piyada səkilərinin, həmçinin yol ayrıcının bərpası, yeni səki daşlarının düzülməsi işləri icra olunub. Daha sonra küçənin sözügedən hissəsinə yeni asfalt-beton örtüyü döşənib.

Əhməd Rəcəbli küçəsində təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.