Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisdə komitə iclasında çıxışı zamanı bildirib ki, son 6 il ərzində Azərbaycanda 545 minə yaxın şəxs işlə təmin olunub. 

"Unikal"ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli bununla bğlı bildirib ki, son 6 ildə nə qədər adam işsiz qaldığını, işdən çıxdığını və işini itirdiyini demirlər. Ekspert qeyd edib ki, bu açıqlamanın özü də suallar yaradır:

"İşlə təmin etmək deyəndə nəyi nəzərdə tuturlar, təsnifatı nədir, hansı sahələr üzrə iş yerləri yaranıb? Amma başqa məsələ də var. Müəllim son 6 ili deyir, gəlin rəsmi rəqəmlərə baxaq, muzdla, əmək müqaviləsi ilə çalışanların sayına nəzər yetirək.

2019-cu il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 mln. 551,7 min nəfər olub. 2024-cü ilin bir yanvar tarixinə olan məlumata görə, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 741,8 min nəfər olub. Yəni, son 6 ildə əmək müqaviləsi ilə, rəsmən çalışanların sayı 190 min nəfər artıb. Yaxşı, bu 545 min şəxs kimdir, harda işlə təmin ediliblər? Anar müəllim, bəlkə detallı açıqlama verməyi öyrənəsiniz?"