Əvvəlcə Ağstafa RİH-in məsul şəxsləri və rayonun su təsərrüfatı sahəsində fəaliyyət göstərən əmək kollektivləri Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

"Unikal" xəbər verir ki, Ağstafa RİH başçısı aparatının inzibati binasında davam etdirilən tədbirdə Seymur Orucov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə təsis edilmiş “5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü”nü hər il bu sahədə çalışan əməkdaşlar böyük fərəh hissi ilə öz peşə bayramlarını qeyd edirlər.  Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün etibarlı su mənbələrinin formalaşdırılması dövlət proqramlarında xüsusi qeyd olunaraq daim diqqətdə saxlanılıb. Ulu Öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasını dövlətin sosial siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirdi. Bölgələrdə, o cümlədən işğaldan azad olunan ərazilərdə yeni su mənbələri yaradılır, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilir. 

Tədbirdə çıxış edən digər məsul şəxslər – Ağstafa RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Hacıyev, Ağstafaçay Hidroqovşağı İstismar İdarəsinin rəisi Rövşən Lətifov, Ağstafa Suvarma Sistemləri İdarəsinin rəisi Qabil Məmmədov, 8 nömrəli Regional Su kanal İdarəsi Ağstafa Su Kanal sahəsinin rəisi Fərid Eyyubov ölkənin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayan meliorasiya və su təsərrüfatının inkişafı, bu sahədə dövlətimiz tərəfindən həyata keçirilən islahatlar, böyük quruculuq işlərindən söz açıblar. 

Peşə bayramı günündə Seymur Orucov rayonun su təsərrüfatı sahəsində fərqləndiklərinə görə bir qrup şəxsi Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edib.