Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində Dil-ədəbiyyat və humanitar FBK-nın ingilis dili müəllimi Günel İsmayılovanın ingilis dilinin tədrisində "Audio linqual metod" mövzusunda elmi seminarı keçirilib.
 
“Unikal”
xəbər verir ki, seminarda İnşaat Kollecinin müəllim-tələbə heyəti ilə yanaşı Bakı Slavyan Universitetindən müəllimlər də iştirak ediblər.
 
Məruzəçi mövzu barədə çıxış edərək dil öyrənmədə tətbiq olunan audio-linqual metodun nə olduğu, necə meydana gəldiyi, öz dövrü üçün hansı üstünlüklər qazandırdığı ətrafında söhbət aparıb. Fikirlərini slaydlar üzərində geniş izahlarla təqdim edən məruzəçi qeyd edib ki, populyarlıqdan və effektiv tədris metodologiyası kimi nüfuzdan düşməsinə baxmayaraq hələ də bu metoddan yararlananlar var. Hazırda müasir təhsil texnologiyalarının geniş tətbiqi ilə onlayn metodlarla sintez edilərək gündəmə gəldiyini, böyük qruplarla tətbiq edilərək öyrənmənin effektivliyini nəzərə çatdırıb.  İlk dəfə II Dünya Müharibəsində casusluq məqsədilə istifadə edilən metodun çox zaman insanlar arasında ordu metodu kimi tanındığını deyən mütəxəssis onun nəzəriyyəsi, istifadə texnika və prinsiplərindən danışıb, müsbət və mənfi tərəflərinə toxunub.
 
Məruzə bitdikdən sonra Günel İsmayılova tərəfindən auditoriyanın sualları cavablandırılıb, mövzuya dair birgə fikir mübadiləsi aparılıb.  
 
Seminarın yekununda qonaqların çıxışları dinlənilib. Çıxışçılar təhsil müəssisələrində qarşılıqlı tədbirlərin keçirilməsinin əhəmiyyətinə toxunub, seminarı yüksək qiymətləndiriblər.