İyunun 6-da Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən Abbasov Ədalət Vilayət oğlunun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib.

"Unikal" xəbər verir ki, şəhidin vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri iştirak ediblər.Şəhid Abbasov Ədalət Vilayət oğlunun nəşi Daşkəsəndə izdihamla qarşılanaraq ailəsinin yaşadığı Xoşbulaq kəndinə aparılıb. Şəhidin ailəsinin yaşadığı evdə cənazə namazı qılınıb, dualar oxunub. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Qeyd edək ki, şəhid Abbasov Ədalət Vilayət oğlu 25 may 1970-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. 1992-ci ildə o, könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 15 noyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən itkin düşüb. 2007-ci ildə Daşkəsən rayon Məhkəməsi tərəfindən Ədalət Abbasova şəhidlik status verilməsi haqqında qərar qəbul edilib.

Tural Əhmədov