Mərhum şair Sabir Yusifoğlu yazırdı:

"Mənə bir məktub göndər,

Bilim ki, ölməmişəm".

Doğrudan da, səni xatırlayan, dinləyən, görən varsa, deməli, hələ ölməmisən. Bu hissi dünən mən də bir daha Sabirabadda keçirdim. Oxucularla görüşdə.

Deyirdilər ha: "Heç kim heç kimin kitabını oxumur" - heç də doğru deyilmiş. Sonuncu kitabın sonuncu vərəqi də oxunub bitiriləndə, kitab örtüləndə, insanlığın da üzü örtüləcək.

Bu günə qədər bağlı qapıları bizim üzümüzə kitablar açdı. Özü açılıb oxunmuş kitablar. Dünyanın sirrini də bizə kitablar açdı. Bir gün insan özündən ağıllı bir varlıq yaratmağa qalxdısa, deməli, kitablara işi düşüb. Qazandığımız mənəvi, lap elə maddi zənginliklərə görə də kitablara borcluyuq. Elə süni intellekt özü təbii intellektin meyvəsidir. Bu fenomenal icada da insan kitablardan keçib gələ bilib. Ayrı cür mümkün deyil axı.

Bir vaxtlar biz yazıb oxumağı bacaranların sayı ilə fəxr edirdik. İndi yazanların sayı, az qala oxuyanların sayından çox olub. Biz isə yazıb-oxuyanlar üçün deyil, oxuyub anlayanlar üçün yazırıq.

Dünən oxuyub anlayanların bir qrupu ilə görüşümüz oldu. Harda?! Sabirabadda. "Hophopnamə" kitab evində. Çox maraqlı, faydalı görüş idi. Ədəbiyyata, biliyə, bilgiyə həssas, hətta könüldən bağlı insanlar toplaşmışdı.

Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov görüş iştirakçılarını salamladı. Yazıç, publisist, Milli Məclisin deputatı Aqil Abbasın və mənim çıxışlarımızdan sonra bizə ünvanlanan suallara cavab verdik. Sabirabad kitabsevərləri bizi böyük sevgi və maraqla qarşıladı. Suallar cürbəcür idi. Yaradıcı doğrularımızla, ömür yolumuzla, həyat hekayəmizlə maraqlandılar.

Hekayə demişkən, mənim bir hekayəmdəki bir cümlə yenidən özümün yadıma düşdü: "Bəzi ürəklər o qədər təmiz və rahatdır ki, adam o ürəklərin qapısından içəri keçib, bardaş qurub oturmaq və həmişə orda qalmaq istəyir".

Dünən bizə o cür təmiz və rahat ürəklərin bir qismi ilə görüşmək nəsib oldu. "Ən yaxşı adam"ı yazan adam dünən özünü ən xoşbəxt adam kimi hiss edirdi. "Ölümcül həqiqətlər"in müəllifi isə diri, səmimi sevgi və sayğının canlı "hədəfi" oldu. Ədəbiyyat bizi bizə doğma olan... başqalarının aynasında bir daha göstərdi. Özümüzü, öz uğurlarımızı və qüsurlarımızı bizə göstərdi. Hardan gəldiyimizi, hara getdiyimizi bizə göstərdi. Və hara gedəcəyimizi də.

Ədəbiyyat həm məntiqi dərkin, həm hissi qavrayışın müəllimidir. Dünən biz, sadəcə, yazıçı, publisist, jurnalist kimi deyil, Sözün tələbələri olaraq imtahan verdik. Bu, fərdi yaradıcılığın və oxucularla ünsiyyətin sınaq testi idi. Düşünürəm ki, bu testdən uğurla keçə bildik və qiymətimizi aldıq.

Sözün tələbələri üçün sınaq testi

Bizə dəyər verən Muğanlılara - gözəl ürəkli insanlara, Sabirabadın Sözə sevdalı sakinlərinə təşəkkür edirəm. Mədəniyyət Nazirliyinin Mil-Muğan Regional İdarəsinin rəisi Faiq Xudanlıya, onun iş yoldaşlarına, görüşdə başdan sona qədər iştirak edən rayon rəhbərliyi nümayəndələrinə, görüşün yüksək səviyyədə qurulmasında və keçməsində zəhməti olan hər kəsə minnətdarıq. Bu cür ünsiyyət yaradıcı insan üçün yaradıcı enerji, müsbət motivasiya olur. Bizim üçün də belə oldu. Sabir Yusifoğlunun şeirində deyildiyi kimi, "səni xatırlayan, axtaran varsa, deməli, hələ yaşayırsan"...

Bahəddin Həzi

Yazıçı-publisist Bahəddin Həzi