İyunun 6-da İsmayıllı rayonunda Birinci Qarabağ müharibəsində itkin düşən və 32 ildən sonra dəfn olunduğu yer və kimliyi müəyyən edilən şəhid Rüstəmov Cəlal Əbdülhəkim oğlu ilə vida mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, mərasimdə millət vəkili Novruz Aslanov və Tahir Kərimli, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mahmud Süleymanov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak edib. Hərbi orkestrin ifasında Dövlət himni səsləndirilib, daha sonra yaylım atəşi açılıb.

Şəhidin ailə üzvləri uzun illər işğal olunmuş torpaqlarımızın azad edilməsini, şəhid Cəlal Rüstəmovun nəşinin tapılmasını və şəhidlik zirvəsinə layiq şəkildə dəfn edilməsini yüksək dəyərləndirərək, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər. Novruz Aslanov öz çıxışında bu hadisənin nə qədər kədərli olması ilə yanaşı, həmçinin təsəlliverici an olduğunu bildirib. Bütün şəhidlərə Allahdan rəhmət diləyib. Çıxışlardan sonra şəhidlərimizin ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Şəhidin tabutu üzərindəki Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.

Bildiririk ki,  Rüstəmov Cəlal Əbdülhəkim oğlu 9 aprel 1965-ci ildə İsmayıllı rayonunun Mican kəndində anadan olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımından sonra Cəlal Rüstəmovda Novıy Urenqoy şəhərindəki əmək fəaliyyətinə son verərək Azərbaycana qaydıb. O, artıq mart ayında könüllü batalyonların tərkibində kəşfiyyatçı kimi döyüşüb. 1992-ci ilin 14 sentyabr tarixində kəşfiyyat əməliyyatında olan zaman Cəlal Rüstəmov Ağdərə rayonunun ərazisində itkin düşüb.