“Təxminən 3 milyon azərbaycanlı kənarda yaşayır. Bunların bir hissəsi məcbur gedib vətəndaşlıq alıb, ailəsi burdadır. Qayıdıb gəlir, amma burada vətəndaşlıq ala bilmir”. 

“Unikal” xəbər verir ki, bu fikirləri deputat Sabir Rüstəmxanlı Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişikliklə bağlı keçirilən müzakirədə bildirib.

Deputat qeyd edib ki, 30 il əvvəl Azərbaycana köçən Axısxa türkləri hələ də pasport, vətəndaşlıq ala bilmirlər: “Bəzən özümüz öz torpağımızda vətəndaşlıq ala bilmirik. Bu məsələlər nizama salınmalıdır. Öz millətimizdən olan Güneydən gələn cavanlar burada evlənir, amma vətəndaşlıq ala bilmir. 

Bunu necə edə bilərik?! Miqrasiya, oturma haqqı, vətəndaşlıq haqqı vermirik. Biz Güneyi necə sevirik?! Mən bu qanunu milli strateji baxımından ziyanlı qanun hesab edirəm və səs verməyəcəyəm”.