Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ali riyaziyyat kafedrasının müəllimləri, fizika-riyaziyyat elmləri namizədi, dosent Əlixan Mehdiyev, fizika-riyaziyyat elmləri doktoru, professor Alik Nəcəfov, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mehralı Əliyevin həmmüəllifliyi ilə “Ali riyaziyyatdan məsələ və misallar toplusu” adlı dərs vəsaitinin II hissəsi nəşr olunub.

"Unikal" xəbər verir ki, dərs vəsaiti ölkəmizin ali məktəblərində iki pilləli təhsil sisteminə keçidlə əlaqədar olaraq tədris olunan “Ali riyaziyyat” kursunun məzmununu yeniləmək, bu günün tələblərini və təcrübi reallığı uyğunlaşdırmaq məqsədilə nəşr olunub.

Təqdim olunan dərs vəsaiti müəlliflərin uzun illər Azərbaycan Memarlıq və İnşaat Universitetində “Ali riyaziyyat” kursundan oxuduqları mühazirələr və apardıqları məşğələlər əsasında fənnin yeni tədris proqramına uyğun tərtib edilib. Yeddi fəsildən ibarət olan dərs vəsaitində “Ali riyaziyyat” kursunun adi differensial tənliklər, sıralar, ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri bölmələri şərh olunur.

Kitabın hər bölməsində mühüm tərifləri, teoremləri və düsturları özündə əks etdirən zəruri nəzəri materiallar yığcam şəkildə şərh olunur. Dərs vəsaitində şərh olunan hər bir mövzudan sonra tələbələrin praktiki vərdişlərini təkmilləşdirmək məqsədilə müxtəlif çətinlik səviyyəli məsələ və misallar öz əksini tapmışdır.

Qeyd edək ki, dərs vəsaitini AzMİU-nun kitabxanalarından əldə etmək mümkündür.