Azərbaycan karateçisi Mədinə Sadıqova Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multiidman turnirində qızıl medal qazanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da Azərbaycan idmançıları günü 1 qızıl, 2 bürünc mükafatla başa vurublar.
Daha əvvəl samboçu Rəsul Aydəmirov (98 kiloqram) və avarçəkən Bəhmən Nəsiri üçüncü yeri tutublar.
Qeyd edək ki, multiidman yarışları iyunun 24-dək davam edəcək. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur.