Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən, rayonun  Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyində Qarabağ müharibəsi zamanı Ağdam və Füzuli rayonlarının ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Nəhmət Kamal oğlu Süleymanovun anadan olmasının 50 yaşının tamam olması ilə əlaqədar tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı RİH-nin məsul işçiləri,  RİHB-in inzibati-ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, məktəb direktorları, müəllimlər, Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyinin kollektivi, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas kənd məktəb-liseyinin direktoru Şamama Həsənova açaraq iştirakçıları salamladı. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi. Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi və məktəbin şagirdləri tərəfindən Vətənpərvərlik mövzusunda şeirlər və muğam parçaları səsləndirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, I Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 44 günlük Vətən Müharibəsində də Qubadlıdan 12 nəfər şəhid olmuşdur, 65 nəfər isə yaralanmışdır. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyü, tarixi ədalət, beynəlxalq hüquq bərpa edimişdir. 

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov çıxış edərək qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabr 2020-сi ildə bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən, “Vətən Müharibəsi” adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Bütün şəhidlərimizin qisası alındı, qanı yerdə qalmadı.
 Digər çıxış edənlər-Şəhidin komandiri Sadiq Paşayev, sinif yoldaşları Etibar İsgənərov, Nurəddin Davudov şəhidimizin döyüş yolundan bəhs edərək, öz xatirələrini bölüşdülər. Qeyd edildi ki, şəhidlərimizin ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olmuşdur. Son illər respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər və şəhidlərimizin doğum günü, anım günü tədbirlərinin keçirilməsi  bunun bariz nümunəsidir. 
  Tədbirdə  çıxış edən şəhidimizin qardaşı Yusif Süleymanov şəhid ailələrinə hər zaman göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə və Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqova minnətdarlığını bildirdi.
  Qeyd edək ki, Süleymanov Nəhmət Kamal oğlu, 20 iyul 1974-cü ildə Zəngəzur mahalı Qubadlı rayonunun Balasoltanlı kəndində anadan olmuşdu. 1991-ci ildə Balasoltanlı kənd orta məktəbini bitirmişdi. O, 1992-ci ildə Milli Ordu Sıralarına daxil olmuş, erməni terorçularına qarşı döyüşlərə qatılmışdı. Qubadlının işğalından sonra, Nemət Süleymanov Ağdam və Füzuli rayonlarının ərazilərinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Nemət döyüşlərdə öndə gedənlərdən olmuşdur. Cəsur döyüşçu Nemət Kamal oğlu Süleymanov 1994-cü il fevral ayının 15-də, Füzuli rayonunun Horadiz qəsəbəsi ətrafında gedən şiddətli döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 
Məzarı Sumqayıt şəhərindəki "Şəhidlər Xiyabanı"ndadır. 
Subay idi.