"Milli Məclisin yeni çağırışının tam formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyətli bu tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsinə, habelə normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsinə şərait yaradacaqdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
"Digər tərəfdən, beynəlxalq tədbirlərə hazırlıq işlərinin görülməsi və həmin tədbirlərin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması da qaçılmazdır. Bu baxımdan parlament seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması da dövlətin əsas vəzifələrindən biridir.
Bütün bunları nəzərə alaraq, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri mənə müraciət ediblər. Onlar Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsinə baxılmasını xahiş ediblər", - deyə MM sədri bildirib.
Anar Kəlbiyev