Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş qismində tanınan DSMF-nin nümayəndəsi Sümbülə xanıma sual verib ki, "Siz DSMF-yə hesabatlar göndərmisiz?"
Sumbülə xanımın cavabı belə oldu ki, "Maliyyə sənədləri yandırıldığından həmin sənədlərin istintaq orqanlarına təqdim olunması mümkün olmayıb".
Sonra Sümbülə Əliyeva DSMF-nin nümayəndəsinə sual ünvanladı.
-Nə üçün ödədiyimiz 28 min manatın faizi DSMF tərəfindən çıxılmayıb?
DSMF nümayəndəsi isə həmin məbləğin, yəni 2890 manatın ittiham aktında qeyd olunduğunu bildirdi.
Prosesin növbəti mərhələsində Sümbülə xanım prokurorun itən prosesdə muzdlu müqavilələrin bağlandığını qeyd etdiyini bildirdi: "Vəkil bürosu nə şadlıq evi idi, nə də böyük ərazisi var idi. Bizim ərazi 17 kv metr olub, hər ay da 17 manat icarə haqqı vermişik. İttihamda mənə 200 min manat mənimsədiyimi göstərirlər. İstintaq dövründə cəmi 11 vəkil dindirilib və bildiriblər ki, ibtidai istintaq hansı qərarı qəbul eləsə biz də onunla razıyıq. 45 vəkildən heç olmasa burda da 11-i gəlib desin ki, bizim pulumuzu yeyib Sümbülə xanım".
Vəkillərin çoxusu gəlib burada dedilər ki, biz pulumuzu almışıq. Xahiş edirəm adlarını vəsatətə yazdığım vəkillər gəlib desinlər ki, biz maaşımızı almışıq ya almamışıq".
Dövlət İttihamçısı, DSMF və İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin əməkdaşı Sümbülə Əliyevanın vəsatətinin təmin edilməməsini istədi. Məhkəmə heyəti müşavirə edərək təqsirləndirilən şəxsin vəsatətinin təmin edilməməsini elan etdi.
Sümbülə Əliyeva audit aparan əməkdaşların dindirilməsi ilə bağlı şifahi vəsatət verdi. Məhkəmə bu vəsatəti də təmin etmədi.
Sumbülə Əliyeva yenidən məhkəmə heyətinə etiraz etdi və bununla bağlı növbəti prosesdə vəsatət yazib verəcəyini bildirirdi.
Növbəti proses iyunun 27--də davam edəcək.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.
Cinayət işi üzrə zərərin 200 min manatdan çox olduğu bildirilir.
İstintaq orqanı tərəfindən Sümbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Seymur Əli