İranda prezident seçkilərində nə baş verəcək?
20:48 06-06-2013
İQTİSADİYYAT
İranda prezident seçkilərində nə baş verəcək?
Hazırki dövlət rəhbərinə qarşı isə Xomeyninin anımında söz verilmədi
Regionun əsas siyasi gündəmindən biri İranda iyunun 14-də keçiriləcək prezident seçkisidir. Cənub qonşumuzda prezident seçkilərinə 8 nəfərin namizədliyi təsdiq edilib. Qulam Əli Həddad Adil, Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Rza Arif, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qarazi və Əli Əkbər Vilayəti seçkidə öz şanslarını sınayacaqlar.
İran bölgənin aparıcı dövləti olduğundan bu ölkədəki seçkilər də az əhəmiyyət kəsb etmir. Bəs görəsən prezident seçkiləri bölgə və İran üçün nələri vəd edir? Bu barədə sualları İran üzrə ekspert Sədrəddin Soltan cavablandırıb.
Namizədlərdən
kim şanslıdır?
Ekspert hesab edir ki, İran bölgənin əsas oyunçularından biri olduğuna görə, bu ölkədə baş verən ictimai-siyasi hadisə önəmlidir. "Ancaq İranda prezidentlik institutunun ölkənin siyasi həyatına elə də təsir yoxdur. Bu seçkilər yalnız İranı dünyaya demokratik dövlət kimi göstərmək cəhdindən başqa bir şey deyil". Fikirlərini əsaslandıran Sədrəddin Soltan bildirib ki, İranda seçkidə iştirak edəcək namizədlər seçilmiş şəxslərdir. "Həmin namizədlərin demək olar ki, əksəriyyəti İnqilab Keşikçiləri Qvardiyasına bu və ya digər şəkildə bağlı insanlardır. İranın ticarətindən də tutmuş atom nüvə proqramına qədər nəzarəti İnqilab Keşikçiləri Qvardiyası həyata keçirir. Həmin namizədlərin seçki platforması ilə ölkə əhalisinin istəkləri üst-üstə düşərsə, o şəxsi daha şanslı hesab etmək olar. Təəssüf ki, namizədlərin əksəriyyətinin platformasında xırda sosial tələblər və iqtisadi məsələlər öz əksini tapır. Bu baxımdan 8 nəfərdən kimin şanslı olduğunu demək çətindir".
Xamneyinin adamları
İranşünas sözünün davamı olaraq əlavə edib ki, bu cür qənaətə gəlməyə kifayət qədər əsas var. "Çünki bu şəxslərin demək olar ki, hamısı ölkənin ali dini lideri Ayətullah Xamneyiyə yaxın adamlardır. Yalnız Xomneyinin xeyir-duası ilə namizədliklərini irəli sürüb və siyasi şouya qatılıblar". Ekspertin fikrincə siyasi rəqabət baxımından da namizədləri bir-birinə rəqib saymaq olmaz. "Əli Əkbər Vilayəti, Həsən Ruhani yaxud Səid Cəlilini necə rəqib hesab etmək olar?! Əli Əkbər Vilayəti, Səid Cəlili ikisi də Ayətullah Xomneyinin müxtəlif qurumlarda müşaviri vəzifəsində çalışırlar"-deyə vurğulayıb.
Prezidentliyə namizədlərə xəbərdarlıq: "Hər
oxuyan molla olmaz"
Ekspert hesab edir ki, İranın fundamental məsələlərlə bağlı işlərə prezidentin gücü çatmaz: "İranda aparıcı dəyişiklik eləməyə qadir olan güc bu dövlətin ali rəhbəridir. Prezidentlik isə sadəcə icra strukturudur. O rəhbərlik institutuna daxil olan qurumların tapşırıqlarını, qərarlarını, icra edir. Ölkədəki parlamentin qəbul etdiyi qanun ali rəhbərin yanındakı institutun təsdiqindən sonra qüvvəyə minirsə, burada prezidentin hansı səlahiyyətindən danışmaq olar?! Düzdür İranın Konstitusiyasına görə prezident ikinci şəxs hesab olunur, amma reallıqda elə də əhəmiyyətli rol oynamır. İranın Ana Yasasında islahat aparmaq lazımdır".
Ekspert onu da əlavə edib ki, İran siyasi ideologiyanın rəhbər olduğu bir dövlətdir. "Bunun da başında ali dini rəhbər Ayətullah Xomneyi dayanır. Guya bundan öncə Məhəmməd Hatəmi və Mahmud Əhmədinejat hansısa məsələlərdə islahat apara bildi?!
"Dəyişiklik olmayacaq"
Yeni keçiriləcək prezident seçkisinin Azərbaycanla münasibətlərdə dəyişiklik yarada biləcəyi perspektivini mütəxəssis belə şərh edib: "Azərbaycan və bölgədəki ölkələrə münasibətdə prezident seçkilərinin nəticələri heç bir təsir göstərməyəcək. Azərbaycan Respublikasına münasibətdə nə dəyişəcək?! Deyirlər ki, Səid Cəlilinin anası Azərbaycan türküdür. Guya Ayətullah Xomneyi özü türk olaraq hansı haqlarımızı tanıyıb?! Digər tərəfdən Azərbaycana münasibətdə Ayətullah Xomneyinin mövqeyi dəyişib?! Dünyanın bir çox ölkəsinə, o cümlədən Azərbaycana islam inqilabı doktrinasını ixrac etməklə məşğul olan İran bundan sonra da bu siyasətini davam etdirəcək. Bununla yanaşı müxtəlif terrorçu qruplarla əlaqələrini də inkişaf etdirəcəklər. Atom nüvə proqramı ilə bağlı məsələdə İranın mövqeyi də bəllidir. Ola bilər ki, bütövlükdə rejimin bölgə və dünyada gedən proseslərlə bağlı müəyyən yumşalma, geri çəkilmə və razılaşma əldə olsun. Bunun da prezidentlik institutuna heç bir dəxli yoxdur"-deyə qeyd edib.
Xomeyninin anımında Əhmədinejada
söz verilmədi
Bu arada İranda hazırki prezident Mahmud Əhmədinejada qarşı növbəti ciddi insident baş verib. Belə ki, iyunun 4-ü İran İslam Respublikasının mənəvi lideri ayətullah Xomeyninin vəfatının 24-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
"İran" saytına istinadən məlumatına görə, bu mərasimdə İran prezidenti Mahmud Əhmədinejadın çıxışı proqramı ləğv olunub və adı proqramdan çıxarılıb.
Məlumata əsasən, ayətullah Xomeyninin ölümünün növbəti ildönümü mərasimini keçirən qurumun açıqladığı proqramda iyunun 4-də çıxış edəcək şəxslərin sırasında prezident Mahmud Əhmədinejadın adı qeyd olunmayıb.
Mənbənin məlumatında o da bildirilib ki, aidiyyəti qurum bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, ilk dəfədir ayətullah Xomeyninin anım mərasimində prezidentin çıxışı ləğv olunur. Bundan öncə sabiq prezidentlər Ələkbər Haşimi-Rəfsəncani, Məhəmməd Xatəmi 16 il müddətində, Mahmud Əhmədinejad isg ötən 7 il prezidentlik dövründə hər il anım mərasimində çıxış ediblər.
İran KİV-inin məlumatına görə, dünənkü anım mərasimində ayətullah Xomeyinin nəvəsi Həsən Xomeyni çıxış edərək, qonaqları salamlayıb. Ondan sonra isə İranın ali lideri Əli Xamneyi çıxış edib.
Əhmədinejada çıxış üçün söz verilməməsi onun ali liderlə arasındakı konfliktlə izah olunur.
İsfahanda dissident din xadiminin dəfni etiraz yürüşünə çevrildi
Dünən həmçinin məlum olub ki, iyunun 4-də İsfahanın cümə namazının keçmiş rəhbəri, nüfuzlu müxalif ruhani ayətullah Cəlaləddin Tahirinin dəfn mərasimi hakimiyyətə qarşı aksiyaya çevrilib. 87 yaşlı ruhani iyunun 2-də uzun sürən xəstəlikdən vəfat edib.
Qeyd edək ki, onun vəfatı ilə bağlı İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi də baş sağlığı verib.
"BBC"-nin məlumatına görə, ayətullah Tahiri hakim ruhanilərin dünyəvi maraqları üçün dindən istifadəsinə, dini təhrif etməsinə və ölkədə din adı ilə dinc müxaliflərə qarşı repressiyalara etiraz olaraq 2002-ci ildə açıq məktub yazaraq İsfahanın cümə namazının rəhbərliyindən istefa verib.
Dəfn mərasiminə qatılanlar cənazəni çiyinlərində qəbiristanlığa apararkən hakimiyyətə qarşı şüarlar səsləndirərək 3 ilə yaxındır həbsdə saxlanan İranda hakimiyyətiçi müxalifətinin liderləri - Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb ediblər. "Kərrubiyə, Musəviyə azadlıq!", "Ya Hüseyn, Mirhüseyn!", "Diktatora ölüm!", "Siyasi məhbuslara azadlıq!", Tahiri, Tahiri azadlığın mübarək!" və başqa şüarlar söyləyən mərasim iştirakçıları ölkənin mövcud durumuna etiraz bildiriblər.
Dəfn mərasiminə İranın islahat tərəfdarı olan bir sıra şəxsiyyətləri, o sıradan da keçmiş prezident Məhəmməd Xatəminin qardaşı Məhəmmədrza Xatəmi, müxalif ruhani Abdulla Nuri, prezidentliyə namizəd Həsən Ruhani və daha bir neçə nəfər qatılıb.
Ayətullah Tahiri Qumda, müxalif ruhani ayətullah Hüseynəli Müntəzirinin yanında dəfn olunmasını vəsiyyət etsə də, buna icazə verilməyib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20