Səudiyyə Ərəbistanı Suriya üçün humanitar layihələri elan edib.
"Unikal" xəbər verir ki, bura Dəməşq ətrafında müharibə dövründən qalan dağıntıların təmizlənməsi, ölkənin infrastrukturunun yenidən qurulmasına yönəlmiş milyardlarla dollarlıq investisiya yatırılması aiddir.
Dəməşqdə keçirilən müqavilələrin imzalanması tədbirində Kral Salman Humanitar Yardım Mərkəzi (KSRelief) paytaxt və ətraf ərazilərdən 75 min kubmetrdən çox dağıntının təmizlənməsi layihəsini əhatə edən yardım paketini açıqlayıb.
Digər razılaşmalara əsasən, Ər-Riyad Suriyanın Hələb, İdlib və Homs əyalətlərində 34 məktəbin yenidən qurulmasını dəstəkləyəcək, həmçinin ölkə üzrə 17 xəstəxananı avadanlıqla təmin edəcək, 60-a yaxın çörək zavodunun yenidən qurulmasına, Dəməşqdə kanalizasiya və su infrastrukturunun yenidən qurulmasına kömək edəcək. Ər-Riyad iyulun sonunda Suriya ilə 6,4 milyard dollar sərmayə və ortaqlıq vəd edib.
Qeyd edək ki, müharibə Suriyanın infrastrukturunun çox hissəsini məhv edib və BMT yenidənqurma xərclərini 400 milyard dollardan çox qiymətləndirir.