Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Almaniyada keçirilən Avro-2024-də E və F qruplarında yer alan komandalarla bağlı maraqlı göstəriciləri açıqlayıb.
"Unikal" IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, Avropa çempionatları tarixində ilk dəfə bir qrupda (E) bütün yığmalar (Rumıniya, Belçika, Slovakiya, Ukrayna) eyni sayda – 4 xal toplayıblar.
Ukrayna millisi 4 xal toplayaraq qrupda sonuncu yeri tutan ilk komanda olub.
Ondrey Duda iki Avropa çempionatında (Avro-2016, Avro-2024) qol vuran ilk slovakiyalı oyunçu kimi tarixə düşüb.
Belçika seçməsinin futbolçuları Kevin De Brüyne və Romelu Lukaku Avropa və dünya çempionatlarında oyun sayına (25) görə Tibo Kurtuaya çatıblar.
F qrupunun Çexiya-Türkiyə matçında (1:2) Avropa çempionatları tarixində rekord sayda vərəqə göstərilib – 17 sarı, 2 qırmızı. Belə hal indiyədək dünya çempionatlarında da qeydə alınmayıb.
Türkiyə millisi yarımfinalçı olduğu Avro-2008-dən sonra ilk dəfə qitə çempionatında pley-off mərhələsinə yüksəlib.
Çexiya yığmasının üzvü Antonin Barak Avro-1996 və Avro-2000-də qırmızı vərəqə alan Radoslav Lataldan sonra Avropa çempionatında meydandan qovulan ikinci çexiyalı oyunçudur. O, qitə çempionatlarında matçın ilk 20 dəqiqəsində 2-ci sarı vərəqə görən ilk futbolçudur.
F qrupunun son turunda Portuqaliya yığmasına 2 cavabsız qolla qalib gələn Gürcüstan millisi görüş ərzində cəmi 28 faiz topa sahibolma ilə oynayıb. Bu isə hazırkı turnirdə qələbə qazanan komandalar arasında ən aşağı göstəricidir.
Gürcülər, həmçinin Portuqaliyanın Roberto Martinesin rəhbərliyi altında 12 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.
Portuqaliya millisinin lideri Kriştiano Ronaldo əsas turnirlərdə (Avropa çempionatlarında 28, dünya çempionatlarında 22) milli komandanın heyətində 50 görüş keçirən ilk avropalı futbolçudur. Onu Almaniya yığmasının iki sabiq və bir hazırkı üzvü izləyir. Bunlar Bastian Şvaynştayger (38), Miroslav Kloze və Manuel Noyerdir (hər ikisi 37).
K.Ronaldo karyerasında ilk dəfə böyük turnirlərin qrup mərhələsində qol vura bilməyib.
Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya Avropa çempionatları tarixində ən erkən 5-ci qolun (1 dəqiqə 32 saniyə) müəllifi olub. Bu, həm də Portuqaliyanın 1966-cı il dünya çempionatında Şimali Koreyadan (50-ci saniyədə) buraxdığı topdan sonra böyük turnirlərdə qapısında gördüyü ən erkən qoldur.
Gürcüstan seçməsinin digər forvardı Jorj Mikautadze isə Avro-2024-ün qrup mərhələsində 3 qol vuran yeganə futbolçudur. O, Uels millisinin sabiq üzvü Qaret Beyldən sonra Avropa çempionatının ilk üç matçında fərqlənən və ya məhsuldar ötürmə edən ikinci oyunçudur. Beyl bu uğura 2016-cı il Avropa çempionatında imza atıb.
Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili Avro-2024-ün qrup mərhələsində hamıdan çox – 21 seyv edib. O, bu göstərici ilə latviyalı həmkarı Aleksandr Kolinkonun 2004-cü il Avropa çempionatındakı rekordunu təkrarlayıb.