Gəncədə 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunub. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, Gəncə Şəhər Prokuroru Azad Qarayev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov, DTX Gəncə şəhər idarəsinin rəisi Rəşad İsrafilzadə və Gəncə Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti iştirak ediblər.  

"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Gəncənin Baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən toplantıda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Dahi rəhbərin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra hüquq mühafizə orqanlarının işində dönüş yaranmış, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənmişdir. Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyev Azərbaycan polisinə xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı daim Azərbaycan polisinin maddi-texniki təchizatının, sosial təminatının yaxşılaşdırılması üçün müvafiq addımlar atır. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı, onlara daha yaxşı xidmət göstərmək üçün əlavə güc verir. Bugün ölkəmizin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də Azərbaycan polisi daim asayişin keşiyində dayanır, şəhərin kriminogen durumunu tam nəzarətdə saxlayır.

Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq Sərəncamına əsasən bir qrup polis əməkdaşı 2 İyul – Azərbaycan Polisi Günü  münasibətilə “Fəxri fərman”la təltif olunublar.

Sonda xatirə şəkli çəkdirilib.