Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olan təşkilatlardan biri də bu gün dünya əhalisinin təqribən yarısının yaşadığı coğrafiyanı əhatə edən Şanxay Əməkdaşlıq Təşkilatıdır. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəmizdən və uzunmüddətli münaqişənin həllinə nail olaraq ərazi bütovlüyümüzü bərpa etdikdən sonra dövlətimizə marağı artan beynəlxalq subyektlərdən biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Azərbaycanın xarici siyasət prioritetlərindən biri də ayrı-ayrı dövlətlərlə və nüfuzlu beynəlxalq təsisatlarla bərabərhüquqlu sıx əməkdaşlığın və münasibətlərin inkişafıdır.

Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin və diplomatiyanın əsas istiqamətlərindən biri də münasibətlərin bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmasıdır. Bu müdrik siyasət BMT və onun müxtəlif aparıcı qurumları, dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu təsisatların Azərbaycanla sıx əlaqələr qurmağa üstünlük verməsinə gətirib çıxarıb. Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Qeyd olunan fakt Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. Üzv olmadığımız təşkilatların Azərbaycan və onun Lideri ilə əməkdaşlıq etmək niyyətləri, keçirdikləri konfrans və sammitlərə dəvət göndərmələri Prezident İlham Əliyevin gündən-günə artan nüfuzundan və ona olan hörmətdən xəbər verir. Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı münasibətlərinin inkişafı və əməkdaşlığın gücləndirilməsində Azərbaycan Prezidenti və dövlətimizlə yanaşı, həm də o təşkilata üzv olan dövlətlərlə Azərbaycanın münasibətlərinin əsasını qoyan Ümummlilli Liderin adını daşıyan Heydər Əliyev Fondunun əvəzolunmaz rolunu da qeyd etmək vacibdir. Şanxay Əməkdaşlıq Təşkilatı və ona üzv olan dövlətlərlə müxtəlif istiqamətlərdə əməkdaşlığı inkişaf etdirən Heydər Əliyev Fondunun münasibətlərimizə verdiyi ən önəmli töhfələr kimi 2018-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini və 2021-ci ildə eyni məkanda Çin filosofu Konfutsidən sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünü qoyulmasını qeyd etmək olar. İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən üçtərəfli görüşdə dünya siyasətinin diqqət mərkəzində olub. Görüş zamanı Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanıb, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib. Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edilib, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulanıb. Orta Dəhlizdə Pakistanın da iştirakı qeyd edilib və bunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin təşviqinə töhfə verəcəyi bildirilib. Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə də toxunulub.

Belə ki, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Təklif məmnunluqla qəbul olunub. Müdafiə sənayesi sahəsində üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi də vurğulanıb. Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri günün tələbləri səviyyəsində davamlı inkişaf edir. Bu üçlük istər ikitərəfli, istərsə də üçtərəfli münasibətlərdə bir-biri ilə sıx müttəfiqlik və dostluq bağları ilə birləşən qardaş ölkələrdir. Bu birlik və dostluğun əzəməti o qədər böyükdür ki, onların qarşısında mane ola biləcək heç bir sədd yoxdur. Yeri gəlmişkən qeyd edək ki, bu münasibətlər müharibə sınağından da şərəflə çıxıb. Belə ki, həm Türkiyə, həm də Pakistan 44 gün davam edən müharibədə və sonrakı müddətdə xalqımızın haqq işini birmənalı şəkildə müdafiə ediblər, Azərbaycana siyasi və mənəvi dəstək veriblər. Bu dəstək Azərbaycana qarşı beynəlxalq təzyiqlərin qarşısının alınmasında və Ermənistan üzərində hərbi-siyasi qələbəmizin qazanılmasında mühüm rol oynayıb. Təsadüfi deyil ki, həmin çətin günlərdə paytaxtımızda, eləcə də bölgələrimizdə hər evin, hər binanın eyvanında, pəncərəsində ucaldılan Azərbaycan Bayrağı ilə yanaşı, Türkiyə və Pakistan bayraqları da dalğalanıb. Yeri gəlmişkən qeyd edək ki, 2021-ci ilin iyulun 27-də Milli Məclisdə ilk dəfə olaraq Azərbaycan, Pakistan və Türkiyənin parlament sədrləri arasında üçtərəfli görüş keçirilib. Üçtərəfli görüşün sonunda Bakı Bəyannaməsi imzalanıb. Bu üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı ölkələrimiz arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsinə, eləcə də xalqlarımızın ortaq maraqlarına xidmət etməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir. 

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov