Günəş şüaları ZOB xəstələrinə nəcə təsir edir? 

"Unikal" xəbər verir ki,  bu və digər sualları Diaqnoz Tibb Mərkəzinin Endokrinoloq-Dietoloqu Tibb üzrə fəlsəfə doktoru Reyhan Mustafayeva cavablandırıb.
 
"Azərbaycanda qalxanvari vəzi xəstəliklərinə (el arasında “ZOB”) tez-tez rast gəlinir. Qalxanvari vəzi xəstəlikləri 2 cür olur: vəzin funksiyalarının artması və ya əksinə azalması ilə müşayiət olunan xəstəliklər.

Qalxanvari vəzinin fəaliyyətinin artması zamanı vəz daha çox hormonları ifraz edir ki, bu müxtəlif orqan və sistemlərdə pozulmlara səbəb olur: ürək döyünməsi artır, insan əsəbi, qıcıqlı olur, “səbəbsiz” arıqlayır və s. Reyhan Mustafayeva bildirir ki, belə pozulmaya “tireotoksikoz” və ya “hipertireoz” deyilir.

Bilmək lazımdır ki, hipertireoz zamanı gün şüalarından sui-istifadə xəstəyə ziyan vura bilər. Günəşin təsiri nəticəsində qalxanvari vəzinin fəaliyyəti daha da artır. Bu səbəbdən tireotoksikozu olan insanlara “zaqar” almaq olmaz. Onlar yalnız səhər 10.00-a qədər və axşam 17.00-dan sonra az bir müddət ərzində gün şüalarını qəbul edə bilərlər.

Əksinə isə qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi zamanı gün şüaları faydalıdır və belə xəstələrə həkimlər daha çox günəşin altında olmağı tövsiyə edirlər".