2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları yekunlaşıb.

Bu barədə "Unikal"a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd iştirak edib.

"Müsabiqənin vakansiya seçimi mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq", - deyə məlumatda qeyd edilib.

 

XXX

09:43

Məlum olduğu kimi, ötən gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanı mərhələsi keçirilib.

“Unikal” Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, Gəncə şəhər 18 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində şəbəkəni təmin edən optik kabelin sıradan çıxması imtahan prosesinin dayandırılmasına səbəb olub.

Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün test imtahanı növbəti tarixə dəyişdirilib.

İnsan Resursları Mərkəzi bəyan edib ki, sözügedən imtahan mərkəzində olan namizədlərin şəxsi səhifələrinə növbəti test imtahanı ilə bağlı müvafiq məlumat göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahan tarixi və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, 9 iyul tarixində təşkil olunan imtahana 7 015 namizəd dəvət olunub. Ümumilikdə 83% davamiyyət qeydə alınıb.