Sumqayıtda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin məhkəməsi başlayıb.
"Unikal"ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Çıxış edən prokuror Orxan Rüstəmov işin baxışa verilməsini məhkəməyə təklif edib. Zərərçəkmiş tərəflər vəsatət qaldıraraq işin yenidən ibtidai istintaqa qaytarılmasını tələb ediblər.
Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib və işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmənin hazırlıq iclası iyulun 24-nə təyin olunub.
İstintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Seymur Əli