Azərbaycan mətbuat orqanları arasında özünəməxsus yeri olan “İki sahil” qəzetinin ilk nömrəsinin işıq üzü gördüyü 1991-ci il 10 iyul tarixindən 33 il ötür.
Qəzet Azərbaycan üçün ən çətin dövrlərdə həyata vəsiqə alıb, həmin dövrün reallıqlarını ictimaiyyətə çatdırıb, öz ideallarına sadiq qalaraq sınaqlardan şərəflə çıxıb. O illərdə “İki sahil” öz səhifələrində reallıqları olduğu kimi oxuculara çatdıraraq, Azərbaycanın xilaskarının Ümummilli Lider Heydər Əliyev olduğunu qətiyyətlə bəyan edib. Azərbaycan xalqının böyük əksəriyyətinin ifadəsi olan 91 nəfər ziyalının dahi şəxsiyyət Heydər Əliyevə "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti qəzetin səhifələrində yer alıb. Qəzet zamanın bütün çətinliklərinə, təzyiqlərinə rəğmən, qarşısına qoyduğu məqsədə doğru inamla addımlayıb, cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirib.
Bu gün azad sözə, fikrə dəyər qəzetin fəaliyyətində özünün aydın ifadəsini tapır.
Qəzetin “ikisahil.az” internet saytı, "İki sahil TV" internet televiziyası uğurla fəaliyyət göstərir. Dövrün, zamanın tələblərinə uyğun olaraq yenilənən internet səhifəsində günün aktual məsələlərinin təhlili, ölkə daxilində və onun hüdudlarından kənarda baş verən hadisələr operativ şəkildə oxuculara və izləyicilərə çatdırılır.
"Unikal"ın kollektivi "İki Sahil" qəzetində çalışan həmkarları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!