Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Şəmkir şəhəri, Ş.M.Xiyabani küçəsi 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Yusif Sədi oğlu Məmmədova məxsus alkoqolsuz içki istehsalı müəssisəsində keçirilmiş plandankənar yoxlama zamanı sanitar norma və qaydalarının, qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Agentlikdən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı başqa istehsalçılara məxsus butulkaların yığılaraq yenidən istifadə edildiyi, habelə məhsulların etiket məlumatlarında istehsalçının göstərilmədiyi aşkarlanıb. Müayinələrin aparılması məqsədilə istehsal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.