Bu gün bəzi xəbər saytlarında millət vəkili Mahir Abbaszadə barəsində inzibati protokol tərtib olunması ilə bağlı həqiqətə uyğun olmayan informasiya yayılıb.

“Unikal” xəbər verir ki, belə bir xəbərin yayılmasına səbəb ad, soyad və ata adının eyniliyi olub.

Belə ki, Abbaszadə Mahir Tapdıq oğlu yol hərəkəti ilə bağlı qayda pozuntusuna görə məsuliyyətə cəlb olunub və iş məhkəmə icraatına götürülüb. Lakin sözügedən şəxs deputat Mahir Abbazsadə deyil, Beyləqan rayon sakini Abbaszadə Mahir Tapdıq oğludur. 

Məsələylə bağlı “Unikal”a açıqlama verən millət vəkili M.Abbaszadə deyib ki, hər hansı avto-qəza törətməyib, buna görə məsuliyyətə cəlb olunaraq, məhkəməyə verilməyib. 

Qeyd edək ki, sözügedən iş Nərimanov rayon Məhkəməsinə göndərilib və iş hakim Vüsal Qurbanovun icraatına verilib. Hakim V.Qurbanov saytımıza açıqlamasında belə bir işin onun icraatına bu gün verildiyini təsdiqləyib:

“Belə bir iş bu gün bizə daxil olub. Səhv etmirəmsə, protokol tərtib olunan və işi məhkəməyə göndərilən şəxs Beyləqan rayon sakini Abbaszadə Mahir Tapdıq oğludur. Həmin şəxs Milli Məclisin deputatı Mahir Abbaszadə deyil, başqa adamdır. Sadəcə, soyadı, adı, ata adı təsadüfən eynidir”.

Seymur Əli