"Bazarstore" marketdə işçilərə qarşı quldurluq edən Samir Süleyman oğlu Süleymanovun növbəti  məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda polis əməkdaşı şahid qismində ifadə verib. Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Zahir Rzayev bildirib ki, ötən ilin sentyabr ayında bir nəfərin Qara Qarayev metrosunun yaxınlığında yerləşən "Bazarstore" marketdə işçilərin üzərinə bıçaq çıxartması barədə məlumat daxil olub: "Dərhal əməliyyat qrupu yaratdıq, kamera görüntülərinə baxış keçirib hadisəni törədən şəxsi müəyyən etdik.

Onu Neftçilər metrosunun yaxınlığında saxlayıb şöbəyə gətirdik, üzərindən narkotik maddə də çıxdı. Hadisənin baş verməsinə gəlincə, Samir Süleymanov marketdən oğurluq etmək istəyən zaman işçilər onu görüb. Bu zaman əlində bıçaq olan Samir onların üzərinə hücum çəkərək marketdən qaçıb".

Məhkəmə prosesi iyul ayının 31-nə kimi təxirə salınıb.

Seymur Əli