Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Antoni Blinken ötən gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Görüşdə dövlət katibi dayanıqlı və layiqli sülh sazişi istiqamətində əldə olunmuş irəliləyiş barədə müzakirə aparıb və tərəfləri mümkün qədər tez bir zamanda razılaşdırmanı yekunlaşdırmaq üçün gələcək addımları atmağa həvəsləndirib.
“Dövlət katibi bütün Cənubi Qafqaz regionunun fayda əldə edəcəyi regional bağlantının inkişafında sülhün əldə olunmasının vacibliyini qeyd edib”, - deyə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.
Mövzu ilə bağlı “Unikal”a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, bu görüşün əsas məqsədi cari ilin noyabr ayında ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlıdır:
“Seçkiqabağı Bayden administrasiyasının vəziyyəti o qədər də yaxşı deyil. Dövlət Departamenti də çalışır ki, xarici siyasət istiqamətində hansısa vacib irəliləyişlərə nail olsun. Məhz ona görə, biz bu görüşlərin ardıcıl keçirildiyini görürük.
Hamı başa düşür ki, yekun sülh sazişinin imzalanması üçün həll edilməli problemlər hələ ki, qalır. Nə sərhəd məsələsi, nə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan maddələr aradan götürülüb, nə də kommunikasiyalar və bu kimi digər problemlər həll edilib.
Sadaladığımız və sadalamadığımız digər mövzularla bağlı fikirləşəndə aydın olur ki, bu proseslərin yekunlaşması üçün aylar, bəlkə də, illər lazımdır", - deyə o qeyd edib.
Sabiq nazirin sözlərinə görə, yekun sülh sazişinə qədər hansısa prinsipləri əhatə edən ilkin sənədin imzalanacağı ehtimal edilir:
"Ermənistan hər zaman olduğu kimi, onun xeyrinə olan məsələlərin qısa sənədə daxil edilməsinə və öz mövqeyini gücləndirməyə çalışır. Bu, sərhədlərlə bağlı olan məsələdir. Biz bilirik ki, ermənilərin siyasi rəhbərliyi müxtəlif dövrlərdə Ermənistana aid müxtəlif sərhədləri təbliğ edib. İndi isə, onlar SSRİ dağılan zaman olan sərhədləri istəyirlər. Burada da maraqlı bir məqam var. Belə ki, ermənilər özləri 1989-cu ildə həmin sərhədlərdən imtina ediblər.
Azərbaycan isə bununla razı deyil. Ermənilərin ikinci məqsədi isə odur ki, heç bir sənəd qəbul edilməsin və buna görə Azərbaycanı ittiham etsinlər. Açıq desək, ermənilərin taktikası bundan ibarətdir.
Azərbaycan isə həmişə bunun tərəfdarıdır ki, əgər ABŞ sülh sazişinin qəbul olunmasını bu qədər çox istəyirsə, bizim 2021-ci ildə irəli sürdüyümüz 5 prinsipi əhatə edən qısa bir sənəd imzalansın.
Digər tərəfdən, həmişə olduğu kimi, bu məsələdə həm Rusiyanın, həm də ABŞ-nin öz maraqları var. Rusiya istəmir ki, Bayden administrasiyası hansısa uğura nail olsun. Ona görə də, mane olmağa çalışır ki, heç bir sənəd imzalanmasın.
ABŞ isə istəyir ki, hər hansı sənəd olsun. Yenə də bunun ətrafında oyunlar gedir.
Azərbaycanın mövqeyi isə bəllidir. Biz vaxtı ilə irəli sürdüyümüz prinsiplərə əsaslanan sənədi imzalaya bilərik. Burada bizim üçün hər hansı problem yoxdur".
Murad İbrahimli