11 iyul 2024-cü il tarixdə Pirallahı rayonunda  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası və ““Yaşıl enerjidən istifadə-dövrün tələbi” başlıqlı konfrans keçirilib.

"Unikal" xəbər verir ki, tədbirlərdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyət göstərən idarə-müəssisə, təşkilat, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin kollektiv üzvləri, Qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə RİH başçısı Vasif İmanov və rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrinin kollektivlərinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında ümumilikdə 100-ə yaxın eldar şamı əkilib. 

Pirallahı Gənclər Mərkəzində keçirilən konfrans Ümummilli Lider Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başladı. 

Daha sonra mövzu ilə əlaqədar video-çarx nümayiş olundu.

İlk olaraq “Abşeronneft” Neft-qaz çıxarma idarəsinin rəisi Fərhad Əliyev çıxış edərək, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin başlıca istiqamətlərindən birinin neftlə çirklənmiş torpaqların təmizlənməsi olduğunu bildirmişdir. Natiq vurğulamışdır ki, Pirallahı rayonunda hektarlarla neft və neft məhsulları ilə çirklənmiş ərazidə ARDNŞ tərəfindən kompleks addımlar atılmaqdadır. Son illərdə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilmiş layihələr ətraf mühitin komponentlərinin bərpasında rol oynamışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sabirə İmanəlili qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmiş, bu da növbəti il ərzində qarşımıza ətraf mühitlə, yaşıl inkişafla bağlı yeni gündəlik qoymuşdur. Natiq, "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edildiyini də diqqətə çatdırıb və əlavə edib ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bununla yanaşı, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.

Daha sonra Pirallahı Rayon icra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdir müavini (dini qurumlarla işin təşkilatçısı) Arzu Əliyeva çıxış edərək bildirmişdir ki, inkişafını   yeni sənaye inqilabının tələbləri əsasında təkmilləşdirən Azərbaycanın əsas hədəfləri arasında ön sıralarda dayanan alternativ enerji ilə təchizata diqqət getdikcə artırılır. Düşünülmüş siyasət sayəsində   enerji  idxalçısından  ixracatçısına çevrilən Azərbaycanın enerji diplomatiyasının uğurları daha böyük  coğrafiyanı birləşdirir. Bərpaolunan enerji növlərindən səmərəli istifadə üçün yaranan imkanlar,  həyata keçirlən islahatlar müsbət nəticəsini verməkdədir.  Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə enerji diplomatiyamızın əsas prinsiplərindəndir.Azərbaycanın  hərtərəfli  inkişafına dair strateji hədəfləri,  ölkə iqtisadiyyatının qarşıdakı  illər üçün prioritetlərini zamanın tələbləri əsasında  müəyyənləşdirilir.  

Yekun olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülmüş işlər, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri barədə auditoriyaya geniş məlumat verdi. RİH başçısı vurğuladı ki, ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da ekoloji mühitin qorunması və ətraf mühitə dəyən zərərlərin azaldılması, ekoloji layihələrin icrası istiqamətində ardıcıl işlər görülməkdədir. Pirallahı rayonunda ekoloji mühitin sağlamlaşdırılması daim prioritet istiqamət olaraq qəbul edilmiş, bu günə qədər 360 mindən çox ağac və gül kolları əkilmiş, yaşıllıqlar salınmışdır. Natiq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğunu qeyd etdi. Təqdirəlayiq haldır ki,  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi və Azərbaycanın iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində fəaliyyəti qlobal səviyyədə qəbul olunur. Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır. Bu qərarın qəbul olunmasında iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin böyük rolu vardır. "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir.