Alim məmurlara çok xəbər
20:58 11-06-2013
İQTİSADİYYAT
Alim məmurlara çok xəbər
Onların yazdırdığı dissertasiyalar geri qaytarılmağa başlandı
Azərbaycandakı Dissertasiya Şuraları vəzifəli şəxslərin elmi ad almaq məqsədi ilə yazdırdığı dissertasiyaları geri qaytarmağa başlayıb. Bu, vəzifəli şəxslərin elmi ad almalarına qoyulan yasaqla bağlıdır. Məlumatı redaksiyamıza etibarlı mənbə bildirib.
Xatırladaq ki, ötən ayın sonlarında məlum oldu ki, məmurlara elmi ad almaq qadağan olunub. Bu barədə mətbuata açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov məlumat verib. Ramiz Məmmədov bu addımı məmurların Dissertasiya Şurasına təsiretmə ehtimalları ilə əlaqələndirib. Yeni qaydaya görə, elmi ad almaq istəyən məmur vəzifəsilə vidalaşmalıdır.
Qeyd edək ki, MDB ölkələrindən Rusiya da anoloji addımı atıb. Azərbaycanda son illər məmur və vəzifəli şəxslərin elmi ad alması moda düşüb. Hər yerindən duran məmur çalışır ki, müxtəlif vasitələrlə bu ada layiq görülsün. Heç kimə sirr deyil ki, bu zaman məmurlar elmi dərəcə almaq üçün yazılan işləri heç də özləri həyata keçirmirlər. Buna onların həm vaxtı çatmır, həm də əksər məmurların elmi proseslə məşğul olmaq bacarığı belə yoxdur. Bunun nəticəsidir ki, ölkəmizdə son illər qondarma alimlər də peyda olublar. Hansı ki, belə vəziyyət sonda gətirib elm və təhsilin inkişafına əngəl olur.
Ekspertlər isə deyirlər ki, hazırda Azərbaycanda elmi istedadı olan, ancaq maddi imkanı olmayan insanlar elmə yaxın durmurlar. Elmə gələnlər isə müəyyən ad almaq xatirinə bu və ya digər vasitələrlə elmi iş yazmağa can atanlardır. Bu işləri yazanlar isə maddi imkansız vəziyyətdə olan görkəmli alimlərdir.
Düzdür, sözügedən yasağın məmurların alimlik sevdasına düşməsinin önünü alacağına inanmayanlar da var. Onlar hesab edirlər ki, alimlərə Azərbaycan şəraitində 2500-4500 manat həcmində əmək haqqı verilməlidir ki, alimlər həqiqi mənada elmlə məşğul olsunlar və elmə “qapıdan” deyil, “pəncərədən” daxil olanların qarşısını alsınlar. Əmək haqqını 10-15 faiz qaldırmaqla alimi stimullaşdırmaq qeyri-mümkündür. Onlar son nəticədə yenə də hansısa təsadüfi adamlara, ələlxüsusda yaxşı maddi imkanı olan məmurlara elmi iş yazmaq məcburiyyətində qalacaqlar ki, bu da başadüşüləndir. Çünki onların ailələri və ailələrini dolandırmaq zorundadırlar.
Bununla belə hesab edilir ki, məmurların elmi ad almasına qadağa qoyulması ilkin addım kimi təqdirəlayiqdir və vəzifəli şəxslərin öz maddi imkanlarından, nüfuzlarından istifadə edərək kütləvi şəkildə elmə daraşmasının qarşısını əhəmiyyətli şəkildə alacaq.
Əslində ilk baxışda məmurların elmi ad almalarının önlənməsi ali qanuna zidd addım kimi görünür. Çünki hər bir vətəndaşın elm, təhsillə məşğul olmaq hüququ var. Amma Azərbaycan reallığında, deputatlar, nazir müavinləri, yüksək vəzifədə işləyən digər şəxslərin elmi dərəcə alması halları son illər həddən artıq çoxalıb. Bu da məmurlara elmi ad almasına qadağa qoyulması kimi təcrübədən istifadə etməyə gətirib çıxarır. Nazir, onun müavini, deputat vaxt tapıb elmi iş yaza bilməz. Namizədlik və doktorluq işi də böyük zəhmət tələb edir. Azərbaycanda məmurlar özlərinin hazırkı yerlərini müvəqqəti hesab edirlər. Ona görə də sonrakı dövr üçün tələsik şəkildə dissertasiya müdafiə edirlər ki, sabah vəzifə əldən gedəndə hansısa kafedrada vəzifəyə sahib ola bilsinlər. Bu saxta işlər də sonradan Azərbaycan elminə böyük zərbə vurur. Ona görə də məmurlara qoyulan məlum qadağa tamamilə anlaşılandır və təqdirlə qarşılanmalıdır.
Mənbəmizin sözlərinə görə, hazırda xeyli məmurun kifayət qədər pul xərcləyib yazdırdığına şübhə olmayan elmi işlərin müdafiəsindən imtina olunur və həmin işlər Dissertasiya Şuralarından geri qaytarılır. Bəzi vəzifəli şəxslər müəyyən yollarla “elmi işlərinin” geri qaytarılmasına mane olmağa çalışsa da, onlara rədd cavabı verilir və buna səbəb kimi yuxarıda haqqında danışdığımız rəsmi qadağa əsas götürülür.
Bu isə o deməkdir ki, artıq bəzi məmurların “alimliyə” qoyduqları maya batmaq üzrədir. Düzdür, bəlkə də onların var-dövlətlərinin yanında dissertasiya üçün çəkdikləri xərc elə də böyük məbləğ kimi görünmür.
Amma nəzərə alsaq ki, bu, təkcə maddi yox, həm də mənəvi baxımdan zərər kimi başa düşülməlidir, onda bəzi məmurların düşdüyü ziyanın dəyərinin nə qədər böyük olduğunu təxmin etmək qətiyyən çətin deyil.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20