Milli Şuranın aqibəti necə olacaq?
21:02 11-06-2013
İQTİSADİYYAT
Milli Şuranın aqibəti necə olacaq?
Seçki bloku, yoxsa namizədlər klubu?
Müxalifətçi elektoratın böyük ümidlər bəslədiyi Milli Şura artıq elan olunub və ilk yığıncağını keçirib. İlk dəfə olaraq müxalifət vahid lider məsələsində ortaq məxrəcə gələ bildi. Müsavat başqanı İsa Qəmbərin təklifi ilə yazıçı-kinodramaturq Rüstəm İbrahimbəyov Şuranın sədri seçildi. O başqa məsələdir ki, Müsavat başqanı məsuliyyəti öz üzərindən atmaq üçün İbrahimbəyov variantına üstünlük verdi.
Bir gün sonra AXCP sədri Əli Kərimli də “aralıq dövrü üçün namizəd olmayacam” bəyanatını vermişdi. Aralıq dövr ifadəsini ilk dəfə Rüstəm İbrahimbəyov işlədib. Kinodramaturq bildirib ki, o “5 il prezident olmaq niyyətində deyil, seçilsə, 2 il işləyib, hakimiyyəti hazırkı müxalifətə təhvil verəcək”. Maraqlıdır ki, 1998-ci ildə mərhum AXCP sədri Əbülfəz Elçibəy belə bir təkliflə çıxış etsə də, o zaman Cəbhə liderinə mane olan Müsavat başqanı bu təklifi qəbul etməmişdi. İndi belə görünür ki, müxalifət İbrahimbəyovun təklifini qəbul edib.
Maraqlı proses müşahidə olunur. Son günlərə qədər Milli Şura haqqında qara piar aparan, ən yaxşı halda qurumu Rusiyaya bağlayan müstəqil siyasətçilər və partiyalar quruma daxil olublar. Arif Hacılı, Mirmahmud Mirəlioğlunun Şuraya girməyəcəyi bəyan olunmuşdu. Amma onlar qurumda təmsil olunurlar. VHP də Şuradan imtina edib, amma funksionerləri MŞ-də iştirak edirlər. Ən maraqlısı odur ki, Milli Şuranın sədrinə səs verən, onun adını vahid namizəd kimi hallandıran partiyaların prezident seçkilərində öz namizədi var. Müsavat, KXCP, VHP, ACP prezident seçkilərində iştirak edəcəyini bəyan edib. O halda sual olunur: Müsavat və KXCP bütün güc resurslarını öz adayları, yoxsa İbrahimbəyovun uğuru üçün xərcləyəcəklər? İbrahimbəyov AXCP ilə Müsavat arasındakı ziddiyyətlərdən məharətlə istifadə edərək, məqsədinə nail oldu, Milli Şuranın sədri seçildi. Bu status ona vahid namizəd olmağa imkan verəcəkmi? İddialı partiyalar İbrahimbəyovun vahid adaylığına güzəşt edəcəklərmi?
Partiya funksionerlərinin açıqlamaları nikbin düşünməyə imkan vermir. Müsavat yetkilisi Arif Hacılı deyib ki, müxalifətçi elektoratın əsas nüvəsini AXCP və Müsavat üzvləri təşkil edir. Əslində Hacılı düz deyir. İbrahimbəyov siyasətlə məşğul olmayıb, yerlərdə insanlarla işləməyib. Son 20 ildə yerlərdə insanlarla hazırkı müxalifət partiyalarının fəalları ünsiyyətdə olublar. Belə çıxır ki, bu il həmin insanlar İbrahimbəyov üçün imza toplamalı, yığıncaqlar keçirməli, onun təbliğatını aparmalı, seçki komissiyasında seçki prosesini izləməlidirlər. Azərbaycan şəraitində əyalət müxalifətçisi öz partiya sədrinin, ən yaxşı halda blok təmsilçisinin adaylığı üçün çalışır. Məqsədi, məramı konkret olmayan, çoxqütblü qüvvələrin birləşdiyi siyasi qurumun uğuru üçün sıravi əyalət müxalifətçisinin çalışacağı real görünmür. Partiyaların mərkəzi qurumları da Milli Şuranın adayı üçün ürəkdən işləməyəcəklər.
Milli Şuranın tərkibi yekcins deyil. Təzyiqlərin birinci dalğasında Milli Şurada təmsil olunan əksər üzvlərin qurumdan imtina edəcəyi gün kimi aydındır. Milli Şura eyforiya ilə yaradıldı, tərkibin bu cür olacağı bəlli idi. Bir zamanlar Ayaz Mütəllibov üçün imza toplananda Şeyx Əbdülün siyahısına yüzlərlə adam imza atdı. Amma az sonra onların əksəriyyəti imzalarından imtina etdi. İndi o siyahının hara atıldığını bilən də yoxdur. Milli Şuraya üzv olanların yarısı qurumun əleyhinə idi. Sırf eyforiyanın təsiri ilə onlar Şuraya qoşuldular. Vahid namizəd məsələsi İbrahimbəyovun xeyrinə həll edilsə, Milli Şuranın seçki qərargahı yaradılacaq. Qərargaha kim sədr olacaqsa, əsas güc də onun təmsil etdiyi partiyanın üzərinə düşəcək. Vahid namizəd məsələsinin həlli yubansa, Müsavat, KXCP kimi partiyalar öz namizədlərinin təbliğatı ilə məşğul olmağa başlayacaqlar. O halda Şurada bir neçə prezidentliyə namizəd olacaq. Bir məsələni də unutmaq olmaz ki, bir vaxtlar İctimai Palatada təmsil olunmuş radikal ovqatlı insanların çoxu Şuranın tərkibinə düşə bilməyib. Bu sırada prezidentliyə namizədlər də var. Vidadi İsgəndərli, Ərəstun Oruclu belələrindəndir. Sosial mediada paylaşdıqları statuslarda onlar narazı olduqlarını bildiriblər. Ola bilsin ki, həmin şəxslər müxalifət platforması ilə seçkilərdə müstəqil iştirak etsinlər. O halda Milli Şuranın işi çətinə düşmüş olacaq. Şura başbilənləri bu nüansı nəzərə almalı idilər.
Fuad
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53