Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 50 illik yubiley tədbirləri münasibətilə Azərbaycan nümayəndə heyəti Şimali Kiprdə səfərdədir.
"Unikal" xəbər verir ki, səfər çərçivəsində Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvləri bir sıra görüşlərdə iştirak ediblər.
Nümayəndə heyətinin tərkibində Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, komitə sədri, akademik Əhliman Əmiraslanov, komitə sədri Musa Quliyev, komitə sədrinin müavini Hikmət Babaoğlu, Şimali Kipr-Azərbaycan dostluq qrupunun üzvü Fatma Yıldırım və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev iştirak edirlər.
ŞKTC Prezidentinin iqamətgahında keçirilən görüşdə ŞKTC Prezidenti bu yaxınlarda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirakını xatırladaraq qeyd edib ki, Şuşaya Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə səfər edib.
“ŞKTC-nin Şuşadakı Zirvə görüşündə müstəqil dövlət qismində iştirakı, Qarabağda digər türk dövlətlərinin bayraqları ilə yanaşı dalğalanan bayrağımız bütün dünya ictimaiyyətinə verilən açıq-aydın mesaj oldu”, -deyə Tatar vurğulayıb.
Prezident rəsmi Bakının Lefkoşa ilə əlaqələrin dəstəklənməsinə dair mövqeyini yüksək qiymətləndirib. “Türkiyə və Azərbaycanın dəstəyi mövqelərimizi gücləndirir. Kipr türklərinə yaxın münasibətinə görə Prezident İlham Əliyevə səmimi-qəlbdən minnətdaram”, -deyə ŞKTC-nin Prezidenti bildirib.
O xatırladıb ki, 44-günlük Vətən müharibəsi dövründə Kipr türkləri qardaş Azərbaycana dəstək olaraq dua ediblər.
Tatar erməni işğalından azad edilmiş Azərbaycan ərazilərini ziyarət etmək imkanından məmnunluğunu ifadə edib. “Türkiyə, ŞKTC və Azərbaycan “Bir millət, üç dövlət” prinsipinə riayət edirlər”, - deyən siyasətçi iki ölkənin parlamentlərarası əlaqələrinin daha da dərinləşməsinə ümidvar olduğunu bildirib. Azərbaycan nümayəndə heyətinin üzvləri ŞKTC-ni ziyarət etməkdən məmnun olduqlarını bildiriblər.