Gürcüstan parlamenti "Amnistiya haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.
"Unikal" "News Georgia"ya istinadən xəbər verir ki, parlamentin 82 deputatı qanun layihəsinin lehinə səs verib.
Qanun layihəsinə əsasən, Gürcüstanda bütün məhkumların təxminən üçdə birinin cəza çəkməkdən tamamilə azad ediləcəyi və ya cəza müddətinin azaldılacağı gözlənilir.
Bildirilir ki, bu gün Gürcüstanda 10 mindən çox insan məhkumluq həyatı yaşayır və qanunun qəbulundan sonra onların təxminən 10 faizi azadlığa buraxılacaq.
Amnistiya 2024-cü il iyulun 1-dək törədilmiş cinayət əməllərinə görə məhkum olunmuş şəxslərə şamil edilsə də, qətl törədənlərə, narkotik vasitələri istehsal edən və satışı ilə məşğul olan şəxslərə, ağır cinayətlər törətmiş şəxslərə şamil olunmayacaq.
Qanunun payız sessiyasında ikinci və üçüncü oxunuşlarda qəbul edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, müxalifətin əksər deputatları parlamentin iclasına qatılmayıb.