Abbas Abbasovdan şok açıqlama
21:14 12-06-2013
İQTİSADİYYAT
Abbas Abbasovdan şok açıqlama
O, Rusiyanı dəstəkləyən, Azərbaycanı korrupsiyada ittiham edən bəyanatla çıxış etdi
Rusiya-Azərbaycan Təşkilatları İttifaqının rəhbəri və “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov bəyanatla çıxış edib. Abbas Abbasov son bir neçə ayda Rusiya əleyhinə Azərbaycanda aparılan yalan kampaniyaya görə bəyanat verməyə məcbur olduğunu bildirib:“Mən istəyirəm ki, Azərbaycanın bəzi siyasətçi, jurnalisti, politoloqu tarixi vətənindən başqa ölkəyə gedən hər bir vətəndaşı haqqında məsuliyyəti hiss etsin.
Rusiyaya müxtəlif səbəblərə görə gedən insanların taleyi ilə oynamaqdan əl çəkin. Başa düşmürəm ki, bu çoxmillətli Rusiyada kimə lazımdır? Siz fikirləşmirsiz ki, bu çirkin kampaniyalardan sonra Rusiyada yaşayan həmvətəndaşlarımızı hansı təhlükə gözləyir? Siz bilin ki, burada yaşayan insanlar üçün Rusiya ikinci vətən sayılır və onlar burada yaradılan şəraitdən razıdır. Onlar Azərbaycanda baş verən bu cür siyasi kampaniyalarda iştirak etmək istəmirlər. Sizin mübarizədə istifadə edəcəyiniz başqa silahınız yoxdur? Sizin istəyiniz budur ki, həmin insanlar həm Azərbaycanda, həm Rusiyada bu kampaniyaların iştirakçılarına çevrilsin. Əl çəkin onlardan. Rusiyanın sizin daxili işlərinizlə nə əlaqəsi var? Normal bir işlə məşğul olun. Bəsdirin. Azərbaycan milliyətçiliyini Rusiyada öldürməyə çalışmayın. Buna nə qədər dözmək olar?
Mən həmvətənlərimə müraciət edirəm. Əziz bacı və qardaşlar! Biz bu “vətəndaşlara” deməliyik ki, bizim taleyimizlə oynamağa onlara imkan verməyəcəyik. Korrupsiya, təhsil, səhiyyə, işsizlik kimi problemləri həll etməkdənsə, Rusiyanın simasında özlərinə düşmən uydurublar.Bununla onlar Azərbaycanda olan siyasi sabitliyi pozmağa çalışırlar ki, hansı ki, bu xaosa səbəb olacaq və iki qardaş xalqı bir-birinə qarşı qoyacaq. Biz Rusiya azərbaycanlıları olaraq öz rəsmi etirazımızı bildiririk.
Biz qəti olaraq KİV-də yayımlanan yalan informasiyaları təkzib edir və bu cür çıxışların heç biri Rusiyada yaşayan azərbaycanlılar tərəfindən öz dəstəyini tapmayacaq.
Son günlər KİV-də ideoloji və təzyiqə məruz qalan Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) və “Azerros” kimi təşkilatların liderlərinə qarşı böhtanlı kampaniya aparılır.
Bizə məlumdur ki, bunun arxasında kim dayanır. Onların adlarını Azərbaycanda və Rusiyada bilirlər. Bizə məlumdur ki, bu prosesi necə maliyyələşdirirlər və kim idarə edir. Biz burada öz mədəniyyətimizi, adət-ənənələrimizi çoxsaylı layihələrlə realaşdırmaq istəyirik. Mən bütün xalqımızın birləşməsini istəyirəm”. Ekspertlər hesab edir ki, Abbas Abbasovun bu bəyanatı indiyə qədər verilən bəyanatların içində ən sərtidir və burada artıq konkret çağırışlara yer verilib. Abbas Abbasov ilk dəfədir ki, həm də açıq şəkildə Azərbaycan hakimiyyətini hədəfə alıb. O, göstərir ki, hakimiyyət korrupsiya,təhsil problemlərini həll etməkdənsə başqa işlərlə məşğul olur. Hesab edilir ki, artıq bu o deməkdir ki, Abbas Abbasov hakimiyyətlə üz-üzə gəlməyə hazırdır və öz gücünə inanır.Təhlükəli başqa bir məqam isə budur ki, Abbas Abbasov açıq şəkildə Rusiyada yaşayan azərbaycanlıları hakimiyyətə etiraz etməyə çağırır. Seçkilər zamanı belə bir bəyanatın verilməsi isə kifayət qədər təhlükəlidir. Çünki hazırda Rusiyada bir milyondan çox azərbaycanlı yaşayır və onların səsini istənilən namizədə verdirməklə seçkilərin taleyini həll etmək olar. Bu gün isə Abbas Abbasov bu bəyanatı ilə göstərir ki, Rusiyadakı seçicilərin səsini hakimiyyətə yox hansısa qüvvəyə yönəldəcəklər.Artıq Abbas Abbasovun bəyanatına hakim YAP-dan da reaksiya gəlib.“Abbas Abbasovun belə bəyanat yaymasına təəssüflənirəm. Baxmayaraq ki, o, uzun illər Azərbaycan hökumətinin rəhbər vəzifəsində çalışıb və ölkəmizin milli azlıqlara qarşı siyasətini çox gözəl bilir, bütün bunların qarşılığında belə bəyanat yayması yolverilməzdir”.Bu fikirləri millət vəkili Aydın Mirzəzadə Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının (“Milyarderlər İttifaqı”) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun son 2 ayda Azərbaycanda Rusiya əleyhinə aparılan yalan kampaniyası ilə bağlı bəyanat yaymasına münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, A. Abbasov yaxşı bilir ki, Azərbaycanda heç bir xalq sıxışdırılmır: “Hər bir xalqın öz dilində danışmaq, mədəniyyətini inkişaf etdirmək, təhsil almaq imkanı var. Əsrlər boyu Azərbaycanda rus xalqına qarşı xoş münasibət olub. Hazırda Azərbaycanda yaşayan 200 minə yaxın rus millətindən olanların orta və ali məktəblərdə təhsil alması, mədəniyyətini göstərməsi, eyni zamanda cəmiyyətdə bütün təbəqənin təmsil olunması üçün lazımi imkanlar var. Azərbaycanda orta məktəb şagirdlərinin 10 %-i rus sektorunda təhsil alır. Bu gün rus dilində qəzetlər və televiziya verilişləri nümayiş olunur. Eləcə də rus mədəniyyətinin nümayəndələrinin şərəfinə ölkəmizdə heykəllər ucaldılır və küçələrə onların adı verilir . Bundan başqa, rus millətindən olan insanlar hakimiyyətin müəyyən zümrələrində fəaliyyət göstərirlər”.
Abbasovun bəyanatında yer alan “Son zamanlar Rusiyada fəaliyyət göstərən təşkilatlara və onların liderlərinə qarşı mətbuatda kampaniya aparılır” fikrinə isə A. Mirzəzadə belə cavab verib: “Onun bu sahədə dediklərinin heç bir əsası yoxdur. Azərbaycan hər bir millətə hörmətlə yanaşan dövlətdir. Azərbaycanın milli və dini tolerantlığı dəfələrlə həm xarici ölkələr, həm də beynəlxalq təşkilatların nümayəndələri tərəfindən dünyaya nümunə kimi göstərilib. Təəssüf edirəm ki, son dövrlərdə Abbas Abbasovun ritorikasında bu cür əsassız və heç bir fakta söykənməyən fikirlər yer almağa başlayıb”.
Orxan
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20