Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Kamal oğlu Mehdiyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, cinayət işində adı şahid kimi keçən Qəlbinur Mikayılov ifadə verərək qeyd etdi ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir: "Mən dəmirçi qaynaqçıyam, Marşal postu sifarişlər verirdilər, mən də görürdüm. Tapşırıqları tikinti şöbəsindən Tom Tucer adlı şəxsdən alırdım. Məni Tom əvvəlki lahiyələrdən tanıyırdı. Çingiz Mehdiyevidə ofiz işçisi kimi tanıyırdım. O da sifarişlər verirdi, hər bir sifarişin 2-3 min arası qiyməti var idi. Materialların bir hissəsini mən, bir hissəsini isə Çingiz Mehdiyev ödəyirdi. Təxmini sifarişlərə görə 100 min manatdan çox pul almışam. Pulu həm nağd, həm də köçürmə formasında alırdım. Həmin puldan Çingiz Mehdiyevin heç bir qohumuna, ya özünə pul qaytarmamışam".
Çingiz Mehdiyev şahidin ifadəsinə münasibət bildirərək qeyd etdi ki, postlar hər yerə uyğun dəyişirdi: "Çünki şəhərin bir yeri hündür, bir yeri isə alçaq idi. Onların bir yerdən başqa yerə daşınması xərci ayrı idi. Bu usta ancaq karkası yığırdı. Digər işləri isə başqa komanda görürdü. Bu ancaq isin 30 faizini görürdü. Büdcə açılırdı mart ayında, mən isə işlərə ilin əvvəlindən, yəni yanvar ayından başlayırdım görməyə".
Növbəti şahid Mais Abdullayev ifadə verərək bildirdi ki, Çingiz Mehdiyevin ailə sürücüsü olub: "Əvvəllər Unibankda sürücü işləyirdim. Çingiz Mehdiyevin həyat yoldaşı Nərminə xanımı ordan tanıyırdım. Məni isə o göturdu. Mən bankdan pul çıxarmamışam. Çingiz Mehdiyev mənim adıma VÖEN açıb formula ilə əlaqədar, daha doğrusu əvvəlki VÖEN aktivləşib, əvvələr taksi fəaliyyəti ilə əlaqədar açmışdım. Mənim Asan imzam və möhürum Bakı Şəhər Halqasında Çingiz Mehdiyev də olub. Bununla əlaqədar çox sənədlər imzalamışam. Nərminə xanım məni banka çağırıb qol çəkdirirdi".
Çingiz Mehdiyevin vəkili izah verərək bildirdi ki, formula ilə əlaqədər həmin işə 90-dan artıq texnika cəlb olunurdu: "Həmin texnika sahiblərinində heç birinin VÖEN-i yox idi. Ona görə Çingiz Mehdiyev öz cibindən xərcləri ödəyirdi sonra formulanın büdcəsi açılanda həmin məbləğ etibarlı şəxs kimi Mais Abdullayevin adına olan hesaba köcürülürdü. O da həmin məbləği Çingiz Mehdiyevə qaytarırdı".
Məhkəmə iclası 16 sentyabr tarixinə kimi təxirə salınıb.
İttihama görə, Çingiz Mehdiyev özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti "Formula 1" yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. İstintaqla o, ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb.
Bundan başqa, təqsirləndirilən şəxs Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr ayları arasında olan müddət ərzində qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of America" bankında olan hesabına köçürməklə öz qulluq mövqeyindən istifadə etməklə 1 milyon 436 min 735 manat təşkil edən məbləği köçürməklə leqallaşdırıb .
Qeyd edək ki, Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.
Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.
Seymur Əli