Azərbaycan KTMT-nin üzvü olan Qazaxıstanla terrorçu və ekstremist təşkilatlar, qarşılıqlı maraq doğuran hərbi-siyasi hadisələr haqqında qarşılıqlı hərbi kəşfiyyat məlumatları mübadiləsini planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə "tengrinews.kz" saytı yazıb.
Bundan əlavə, iştirakçı dövlətlərin ərazilərində birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi nəzərdə tutulur: "Məxfi məlumatların mübadiləsi, istifadəsi və mühafizəsi məxfi məlumatların qarşılıqlı mühafizəsi haqqında ayrıca beynəlxalq müqavilə əsasında həyata keçirilir. Tərəflər bu müqavilə üzrə əməkdaşlıq zamanı əldə etdikləri məlumatdan məlumatı verən tərəfin zərərinə istifadə etmirlər".
Həmçinin qeyd edilir ki, ölkələrin imzalanmış saziş çərçivəsində mübadilə edəcəkləri məlumat müvafiq məlumatı verən tərəfin yazılı razılığı olmadan açıqlana, təqdim edilə və ya üçüncü tərəfə verilə bilməz: "Tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, ictimai asayişə və ya milli təhlükəsizliyə təhdid yarandığı halda saziş dayandırıla bilər. Bu baş verərsə, qarşı tərəf diplomatik kanallar vasitəsilə yazılı şəkildə xəbərdar edilməlidir".
Hərbi kəşfiyyat müqaviləsi 5 il müddətinə bağlanır və tərəflərdən biri ona xitam vermək qərarına gələrsə, bu barədə ən azı 6 ay əvvəl xəbərdar etməyə borcludur.
Ağarza Elçinoğlu