Cari il iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində almış olduğu xəsarətlərdən 1 gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və hazırda ibtidai istintaq Goranboy rayon prokurorluğunda davam etdirilir.
"Unikal" xəbər verir ki, istintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əhməd Ərəbov kənddə “Kürd Amo” kimi tanınıb. O, 3 il əvvəl külli miqdarda qanunsuz narkotik dövriyyəsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.