İyulun 24-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

"Unikal" xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq prosesi barədə məlumat verib, bu günlərdə ölkəmizin təşəbbüslərinin geniş ictimaiyyət üçün açıqlandığını, COP29-un müəyyən edilmiş Prezidentinin Çərçivə Konvensiyasının bütün tərəflərinə bu mötəbər tədbirlə bağlı planları, gözləntiləri əks etdirən müfəssəl məktub ünvanladığını bildirib.

Prezident Administrasiyasının rəhbəri COP29 Sədrliyinin bütün dövlətlərin və digər maraqlı tərəflərin mövqeyini öyrəndiyini, mühüm beynəlxalq toplantılarda iştirak etdiyini, fəal şəkildə çalışdığını diqqətə çatdırıb, ölkəmizin yeni iqlim maliyyəsinin məbləği üzrə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusa nail olunması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Samir Nuriyev, həmçinin COP29-a hazırlıq prosesi çərçivəsində Azərbaycanda keçiriləcək tədbirlər, konfransa qatılacaq nümayəndə heyətləri və digər iştirakçılar üçün yaradılacaq şərait, vətəndaş cəmiyyətinin COP29-da iştirakına dəstək, kommunikasiya sahəsində görülən işlərdən danışıb.

Saymon Stil Azərbaycan tərəfindən COP29-un uğurla keçirilməsi istiqamətində aparılan işlərdən, kiçik ada ölkələrinə dəstək verilməsinin Azərbaycanın gündəliyində yer almasından məmnunluğunu ifadə edib, BMT-nin COP29-un təşkili ilə bağlı Azərbaycana hər cür kömək göstərməyə hazır olduğunu bildirib.