Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi gözlənilir.
FHN-dən "Unikal"a verilən məlumata görə, daxil olan məlumatlara əsasən, bəzi dağ çaylarında suyun səviyyəsi kəskin artaraq sel və daşqın keçib və proses ayrı-ayrı yerlərdə davam etməkdədir. Lakin hava şəraiti ilə əlaqədar bu saatadək hər hansı ciddi fəsad qeydə alınmayıb.
Bununla belə, hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən mövcud şərait diqqətlə izlənilməklə vəziyyət nəzarət altında saxlanılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, sel və daşqından qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan, habelə həmin bölgələrə səfər edən vətəndaşların diqqətli olmaları, sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə olunur.
İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!