ABŞ-də prezidentliyə namizəd Donald Trampın seçki mitinqləri davam edir. O, mitinqlərinin birində tamaşaçılar arasında oturan xanımı səhnəyə dəvət edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Tramp onu "həyatını xilas edən qadın" kimi insanlara tanıdıb. 

Məlum olub ki, qadın iyulun 13-də Trampa qarşı həyata keçirilən sui-qəsd cəhdi zamanı mitinq iştirakçıları arasında plakat açaraq eks-prezidentin diqqətini çəkməyi bacarıb. Tramp son anda sözügedən plakata baxmaq üçün başını çevirib və güllə onun qulağına dəyib.

Başını çevirməsə başından vurulacağına əmin olan Tramp hücumdan yüngül xəsarətlə xilas olub. 

O, səhnəyə dəvət etdiyi qadına "Mən onun açdığı plakatı sevirəm, ömrümün sonuna qədər bu plakatla yatacağam",- deyib.  Eks-prezident həmçinin, qadın haqqında "O, kompüter dahisidir. O, mənim həyatımı xilas etdi" şərhini verib.

Qeyd edək ki, sözügedən plakatda miqrantların sayını göstərən qrafik olub.

Zərifə Nağıyeva