Azərbaycan təhsilinin daha bir rəzaləti
04:27 11-04-2012
CƏMİYYƏT
Azərbaycan təhsilinin daha bir rəzaləti
5 ildə niyə cəmi 1200 tələbə xaricdə oxumağa göndərilib?
Almaniyanın Triyer Universitetinin tələbəsi Elnur Əhmədli az qala yay semestri dərslərindən kənarda qalacaqdı! Təhsil Nazirliyi Elnurun dövlətdən aldığı maliyyəni bir az da gecikdirsəydi...
Təqaüd bir az da
geciksəydi...
O deyir ki, dekabr və mart aylarında nazirliyin təqaüdləri gecikdirməsi çox tələbənin işini çətinə salıb: "İndi də mart ayında həmin şey olmuşdu... Haradasa 8 gün gecikdirdilər. Qabaqcadan da xəbər etməyiblər. Kiminsə pulu qurtara bilər. Mənim şəxsən evpulu ilə problemim oldu. Evpuluna hər ayın 1-də 260 avro verirəm. Hesabımda o qədər pul olmadığına görə ev yiyəsi ilə problemim yarandı. Növbəti semestrə, apreldən başlayan semestrə keçə bilmədim. Bir az da gec versəydilər, "deadline"a gecikə bilərdim...".
Elnur Əhmədli Almaniyanın Akademik Mübadilə Xidməti (DAAD) və Azərbaycan hökumətinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" hesabına təhsil alır.
Həm müraciət edən az olub, həm də...
Bu proqram 2015-ci ilədək 5000 gəncin xarici ölkələrdə ali təhsil almasını hədəf götürüb. Hazırda proqramın icrasının 5-ci ilidir, amma 2007-ci ildən bu yana Azərbaycandan xaricə 1200 tələbə göndərilib.
İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qalib Toğrul apardıqları araşdırmanı xatırladır: "Hədəfə nail olunmayıb. Bunun da bir neçə səbəbi var. Əsas səbəblərdən biri odur ki, bunlar proqramdan çox adamın xəbərdar olmasına çalışmayıblar. Deyəndə ki, niyə bu qədər adam göndərilməyib, cavab verirlər ki, bizə bu qədər adam müraciət edib, bu qədər də göndərmişik. Biz hesabatımız çərçivəsində 6 universitetdə təqdimatlar keçirdik. Orda şahid olduq ki, nəinki tələbələrin, heç müəllimlərin də xəbəri yoxdur. Ona görə də həm müraciət edən az olub, həm də seçimdə qeyri-şəffaflıq olub".
Bu il xaricdə təhsil üçün 20 mi2y1n manat
Dövlət proqramını Neft Fondu maliyyələşdirir. Fondun məlumatına görə, indiyədək 1028 nəfərin təhsili ilə bağlı xərclər ödənilib.
Ayrılan pullara nəzər salanda bəlli olur ki, heç də bütün vəsaitlər xərclənmir. 2007-ci ildə 2.2 milyon manatdan 800 min, 2008-ci ildə 5 milyon manatdan 2.3 milyon, 2009-cu ildə 10 milyon manatdan 8 milyon, 2010-cu ildə 10 milyon manatdan 9.6 milyon, 2011-ci ildə isə 15 milyon manatdan 13 milyon manatı xərclənib.
Bu il isə Neft Fondu xaricdə təhsil üçün 20 milyon manat ayırıb.
Təhsil nazirinin müavini Qulu Novruzov deyib ki, dövlət proqramında göstərilən 5000 rəqəminin üzərində dayanmağa ehtiyac yoxdur: "Biz yalnız və yalnız Azərbaycanın ehtiyaclarına uyğun olaraq göndəririk. Kütləvi olaraq, lazım oldu-olmadı, hər kəsin bu proqram çərçivəsində xaricə göndərilməsi qətiyyən məqsədəuyğun deyil. Bizdə əsas məqsəd say deyil, keyfiyyətdir".
- Yəni 5000 nəfər məsələsi tamamlanmaya da bilər?
- O da ola bilər. Bu proqram 2015 yox, 2015-ci ildən də sonra davam edə bilər. Bu proqram üzrə 5000-in tamamlanması gözlənilir, çünki gənclərimiz Azərbaycanın prioritetlərinə uyğun olaraq daha çox müraciətə hələ indi başlayırlar. Ötən ildən başlayıblar. Mühəndislik, fundamental elmlər, neft-qaz sənayesi, İKT - Azərbaycan dövlətinin prioritetləri bunlardır. Məsələn, kənd təsərrüfatında bizim problemlərimiz vardı, uşaqlar müraciət etmirdilər.
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, Dövlət Proqramının strateji planı olmalıydı ki, hər il nə qədər tələbə yollanacaq: "Çox güman ki, başqa sahələrdə olduğu kimi, burda da plansız yanaşıblar, təşkilati məsələləri həll etmədən bu işi görməyə çalışıblar. Dövlət Proqramı 5000 nəfəri xaricə göndərməyi qarşısına qoymuşdusa, göndərməliydi. Amma bunun heç bir sanksiyası yoxdur".
Nazir müavini Qulu Novruzov təqaüdlərin yubadılmasından da danışdı. O, bunu tələbələrin maliyyələşmə üçün lazımi sənədləri vaxtında təqdim etməmələri ilə izah edir.
27 ölkədə təhsil almaq olar
Triyer Universitetinin tələbəsi Elnur Əhmədli isə bunu təkzib edir, deyir ki, artıq aylardır təhsilə başlamış tələbənin hər hansı sənədi yollamasına ehtiyac qalmır.
Bir müddət əvvəl Almaniyada təhsil alan tələbələrin pulsuz qalma təhlükəsi yaranmışdı. Bununla əlaqədar Almaniyanın Akademik Mübadilə Xidməti Azərbaycan hökumətinə xəbərdarlıq yollamışdı.
Dövlət proqramı üzrə 27 ölkədə müxtəlif ixtisaslar üzrə təhsil almaq olar. Texniki fənlərdən 500, digər fənlərdən isə 600-dən yuxarı bal toplayan abituriyentlər proqramda iştirak hüququ qazanırlar.
P.S. İndiki hökumətin və onun təbliğatçılarının bəyənmədiyi və topa tutduğu 92-93-cü illərdəki milli demokratik hakimiyyət dövründə bir il ərzində 2000-dən çox tələbə xaricə təhsil almaq üçün göndərilmişdi.
Hazırda isə son 5 ildə cəmi 1200 nəfər xaricə təhsil almağa göndərilib.
Fərqi özünüz müəyyənləşdirin və qiymət verin.
Sevda Cəlilli
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22