Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri uzun müddətdir ki, hazırlanıb, diplomatik kanallar vasitəsilə iş səfərinin tarixlərini razılaşdırmaq qalıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediasına müsahibəsində Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bəli, bu səfərə kifayət qədər uzun müddətdir ki, hazırlıq görülür. Gündəmdə çoxlu məsələlər var, əslində, diplomatik kanallar vasitəsilə tarixləri razılaşdırmaq qalır”, - deyə Peskov qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Rusiya lideri Vladimir Putinin Türkiyəyə səfərinin tarixinin hələ müəyyən edilmədiyini bildirib. Onun sözlərinə görə, rusiyalı həmkarı ilə daim əlaqə saxlayır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində təsdiqləyib ki, prezidentlər şəxsi görüşlərin olmamasını “kifayət qədər tez-tez” telefon danışıqları ilə kompensasiya edirlər.