Daşkəsəndə qayınananın gəlini tərəfindən balta ilə ağır xəsarət yetirilməsinin bəzi təfərrüatları məlum olub. Belə ki, Xoşbulaq kənd sakini 66 yaşlı Tahirə Qurbanova gecə saatlarında  yatdığı zaman gəlini Səidə Həsənova tərəfindən baltalanıb.

Bu barədə "Unikal"a baltalanaraq və 9 gün sonra  xəstəxanada ölən Tahirə Qurbanovanın qızı Şəlalə Qurbanova məlumat verib:

"Gecə saat 3-də mənə zəng elədilər ki, sözügedən hadisə baş verib. Mən də gəldim ki, anam qanın içindədir. Huşunu itirməmişdi, amma danışa bilmirdi. Sonra öyrəndim ki, anama gəlinimiz Səidə Həsənova balta ilə başına zərbələr endirib. Əvvəlcə Daşkəsənə sonra isə Gəncəyə apardıq. Anamın vəziyyəti ağır olduğu üçün Bakıya gətirdik və əməliyyat olundu. Komaya düşdüyündən 9 gün sonra öldü. Aralarında elə dava olmamışdı. Qardaşım Rusiyada yaşayır. Yoldaşı Səidəyə zəng edib deyib ki, mən səndən ayrılıram, o da razılaşmışdı. Hətta getmək üçün əşyalarını da yığmışdı. Necə olubsa, anam yatan vaxt evdən baltanı götürüb anamı baltalayıb".

 Mərhumun qızı bildirib ki, qardaşı 1 ilə yaxındır Səidə ilə evlidir.

Qeyd edək ki, Daşkəsən rayonun Xoşbulaq kənd sakini 66 yaşlı Tahirə Qurbanova ötən gün Bakıda müalicə aldığı xəstəxanada ölüb. Səidə Həsənova isə hadisədən sonra  qaçıb.

Tural Əhmədov