İşğaldan azad olunmuş Laçın rayonunda “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi davam edir. Düşərgə çərçivəsində iştirakçıların Qarabağ fatehləri və şəhid ailələri ilə görüşü təşkil olunub.
"Unikal" xəbər verir ki, görüş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavid İsmayılın təqdimatında baş tutan görüşdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, Aprel döyüşləri şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Vətən Müharibəsi şəhidi polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva, Vətən Müharibəsi şəhidi kapitan Həmid Həmidlinin anası Könül Vəliyeva, Vətən Müharibəsi şəhidi baş leytenant Fuad Əlizadənin anası Şəfa Əliyeva, Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsi qazisi olan hərbçiləri Famil Fərəcov, Cavid Həsənov, Orxan Ələkbərov, Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) sədr müavini, tibb üzrə fəlsəfə doktoru, ağız və üz-çənə cərrahı Hüseyn Hüseynzadə iştirak ediblər.
Həkim Hüseyn Hüseynzadə görüşdə “Könüllü peşə müharibə həkimliyi kimi” (Fors major, müharibə, post müharibə dövründə könüllü tibbi xidmətin təşkili) mövzusunda təqdimatla çıxış edib.
Panel zamanı gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına sevgisindən, dövlətimizin müstəqilliyinin qorunmasında igid Vətən oğullarının qəhrəmanlıqlarından, keçdikləri uzun, keşməkeşli yollardan danışılıb. Qazilərin Vətən müharibəsi ilə bağlı xatirələrini gənclər çox böyük diqqət və maraqla dinləyiblər.
Görüşdə bildirilib ki, 44 gün davam edən Vətən müharibəsində ordumuzun qazandığı Zəfər tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Qəhrəman oğullarımızın igidliyi ölkəmizin gələcəyi olan gənclərimiz üçün nümunədir. Bu cür oğulların sayəsində illər sonra ərazi bütövlüyümüz bərpa olunub.
Dünyanın müxtəlif ölkələrindən gələn gənc soydaşlarımız torpaqlarımızın işğaldan azad olunmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan ordusuna təşəkkür edib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər. Canını bu Vətən üçün sipər edən bütün igidlərimizə hər zaman hörmət və ehtiram göstərəcəklərini, xatirələrini uca tutacaqlarını bildiriblər.