3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərlərindən biri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlunun qalıqları Gəncədə ailəsinə verilib.
"Unikal"ın Gəncə müxbirinin məlumatına görə, Firdovsi Abdullayevin qalıqların ailəsinə təhvil verilmə mərasimində Goranboy rayon rəhbərliyi, hərbçilər, qazilər və şəhid ailələri iştirak ediblər. Firdovsi Abdullayevin qalıqları sabah Gəncənin şəhidlər xiyabanında dəfn olacaq.
Qalıqları tapılan Firdovsi Abdullayev 2003-cü ildə Goranboy rayonun Qaradağlı kəndində anadan olub. Hazırda ailəsi Gəncədə yaşayır.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçuları, əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Həməşəyev Taleh Möhübbət oğluna isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib. Onlar müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediiblər.
Tural Əhmədov