Qazaxıstanın Şimkənd şəhərində “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, mərasimdə düşərgə iştirakçıları ilə yanaşı, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov, Fondun əməkdaşı Xədicə Abdullayeva, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndəsi Aygün Ramaldanova, yerli ictimaiyyətin nümayəndələri, diaspor fəalları, “Xarıbülbül” Qarabağ Etnomədəni birliyinin əməkdaşları və üzvləri, yerli musiqiçilər iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADDF-nin icraçı direktorunun müavini Şahin Camalov layihənin yaranması və əhəmiyyəti, bu günə qədər keçirilmiş düşərgələr, iştirakçılar barədə məlumat verib, keçən il Azərbaycanda baş tutmuş III Qış düşərgəsi barədə maraqlı məlumatları diqqətə çatdırıb. O həmçinin ərazi bütövlüyümüzün bərpası zamanı şəhidlik zirvəsinə ucalmış qəhrəman Vətən oğullarının bizlərə əmanət qoyduğu övladlarına dövlət qayğısından danışıb, adıçəkilən düşərgənin bunun nəticəsi olduğunu qeyd edib.
Daha sonra layihənin müəllifi “İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzi”nin rəhbəri, həmçinin düşərgənin təlimçisi Qasım Nəsirov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndəsi Aygün Ramaldanova layihə və düşərgə barədə çıxış edib, iştirakçılara öz tövsiyələrini veriblər.
“Xarıbülbül” Qarabağ Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva Azərbaycan Diasporuna Dəstək Fonduna bu cür əhəmiyyətli layihəni onun rəhbərlik etdiyi təşkilatla birlikdə keçirdiyi üçün minnətdarlığını bildirib.
Açılış mərasimi incəsənət ustalarının ifasında bədii hissə ilə davam edib.
Düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Xarıbülbül” Qarabağ Etno-mədəni birliyinin “Həftəsonu Qarabağ məktəbi”ndən 10 və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş qəhrəmanlarımızın 10 övladı iştirak edir. “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azərbaycandan Yaşıl Dünya Naminə” devizi altında təşkil edilən Düşərgəni Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Qazaxıstan Respublikası “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi birgə keçirir.
Xatırladaq ki, düşərgənin 1-ci hissəsi 21-27 dekabr 2023-cü il tarixində Bakı şəhərində keçirilib.