Türkiyənin Zonguldak Bülent Ecevit Universitetinin prorektorları Sərvət Karasu və Hakan Kutoğlu Bakı Mühəndislik Universitetində (BMU) olublar.
"Unikal" xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev qonaqlara universitetin tarixi, strukturu, tədris və elmi fəaliyyəti haqqında ümumi məlumat verib. Universitetin beynəlxalq əlaqələrinə diqqət çəkən rektor Türkiyə ali məktəbləri ilə əməkdaşlığın qurulmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət ali təhsil müəssisəsi olan Zonguldak Bülent Ecevit Universitetinin nümayəndə heyəti də öz növbəsində BMU ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib və əlaqələrin inkişaf istiqamətlərinə toxunublar.
Sonra iki universitet arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum təhsil və tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin qurulması, eləcə də inkişaf etdirilməsi məqsədi daşıyır. Sənəddə bakalavr və magistrlər, eyni zamanda professor-müəllim heyətinin mübadiləsi, o cümlədən birgə akademik kursların və proqramların hazırlanması, konfrans, seminar, təlimlərin keçirilməsi nəzərdə tutulur.
İmzalanma mərasimindən sonra qonaqlar BMU-nun kampusu, Kibertəhlükəsizlik və Mekanika laboratoriyaları ilə yaxından tanış olublar.