Heyvanla amansız davranan şəxsin əməlləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər polis tərəfindən araşdırılıb.

"Unikal" xəbər verir ki, paytaxtın Binəqədi rayonunda iti baltalayan 1982-ci il təvəllüdlü X.Muradov saxlanılaraq polis idarəsinə gətirilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün qanunvericiliyə uyğun tədbir görülür.

*** 17:23

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Dsk yolu” adlanan ərazidə naməlum şəxs balta ilə itə ağır zərbələr endirib.

"Unikal" Baku.ws-ə istinadən xəbər verir ki, bu gün günorta saatlarında əlində balta olan şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib: “Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi”.

Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov bildirib ki, görüntü araşdırılır: “Görüntülərdən məlumatlıyıq, həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək”.