Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində fəaliyyət göstərən fiziki şəxs Cəfərova Telli Hidayət qızına məxsus ictimai iaşə obyektində plandankənar yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.
İctimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin qida obyektində müvafiq təmizlik işlərinin aparılmadığı aşkarlanıb. Bundan başqa, qida obyektinin mətbəx sahəsində havalandırma sistemi quraşdırılmadığı, qida məhsullarının, əllərin ayrıca yuyulması üçün müvafiq şəraitin təşkil edilmədiyi müəyyən olunub.
Aşkar olunan uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib, məhdudlaşdırıcı qərar qəbul edilərək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb.